Press "Enter" to skip to content

MEK-də Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa

Tədbirdən görüntü

Son yeniləmə: 22 İyul 2024 19:29

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 22 iyul – Milli Mətbuat Günü ilə bağlı tədbir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə deyilir ki, “tədbirdən öncə MEK-in Sərgi salonunda Milli Mətbuat Günü ilə bağlı ənənəvi kitab sərgisi ilə tanışlıq olub. Eyni zamanada şəhid jurnalistlərin fotoşəkillərindən ibarət guşəyə baxış keçirilib. İki həftə müddətində davam edəcək sərgidə “Heydər Əliyev və mətbuat. Müsahibələr, bəyanatlar, müraciətlər, çıxışlar, təbriklər”, “Heydər Əliyevin media dərsləri”, “Azərbaycan maarifinin yorulmaz carçısı Həsən bəy Zərdabi – 170”, “Molla Nəsrəddin” və “Füyuzat” jurnalları, “Kəşkül” qəzeti, “Məhəmməd Hadi və mətbuat (1905-1920)” (İslam Qəribli) və digər nəşrlər yer alıb. Dəyirmi masa ətrafında davam edən yığıncaqda MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, Dos. Hüseyn Hüseynov kitabxananın İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşlarının timsalında bütün media nümayəndələrini təbrik edib. Direktor qeyd edib ki, bu gün azad, müstəqil, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş bütöv Azərbaycanda milli mətbuatın banisi Həsən bəy Zərdabinin əsasını qoyduğu ideyalara sadiq qalaraq ictimaiyyəti informasiya ilə təmin edən, Azərbaycan həqiqətlərini dünyaya çatdıran, işinə obyektiv və peşəkarlıqla yanaşan jurnalist ordusu formalaşıb. O, Ümummilli lider Heydər Əliyev tərəfindən qəzet kağızının əlavə dəyər vergisindən azad edilməsini, Prezident İlham Əliyevin 22 iyul 2010-cu il tarixli “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Sərəncamını və başqa tədbirlərin media nümayəndələrinə dövlət səviyyəsində qayğısının göstəricisi kimi qiymətləndirib”.

Daha sonra xəbərdə, “MEK-in Elektron xidmətlər və informasiya resursları üzrə direktor müavini Oruc Quliyev, elmi katib Şəbnəm Rüstəmova “Əkinçi” qəzeti ilə əsası qoyulan 149 illik milli mətbuatın böyük inkişaf yolu haqqında danışıblar, media nümyəndələrinə yorulmaz və şərəfli fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıblar. MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri Röksanə Səfərzadə Azərbaycan kitabxana sistemində ilk dəfə yaradılan fondun azad edilmiş Qarabağ torpaqlarında yayımlanan radio verilişlərində təbliğindən, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mina İbrahimova müasir Azərbaycanda formalaşmış demokratik cəmiyyətdə söz, fikir və ifadə azadlığının təmin olunması istiqamətində dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərdən, həmçinin ölkə mediasının azad və güclü bir cəmiyyət institutu kimi fəaliyyətindən danışıblar”.

Sonda MEK-in fəaliyyətinin dolğun, obyektiv və səmərəli işıqlandırılması, ictimaiyyətə düzgün təbliğ edilməsində fəal iştiraklarına görə Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri Röksanə Səfərzadə, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mina İbrahimova, əməkdaşlardan Nərminə Efendiyeva, Nisə Məmmədova, Vüqar Abbaszadə, Şəlalə Məhyəddinqızı, Anar Turan, Züriyə Qarayeva, Röya İsrafil Təşəkkürnamə ilə təltif olunublar.

Mission News Theme by Compete Themes.