Son yeniləmə: 22 İyul 2024 11:49
BAYRAQDAR MEDİA – “İyulun 20-də Şuşada işə başlamış “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Qlobal Media Forumu bir sıra mühüm mesajları ilə yadda qaldı”.
Bunu BAYRAQADR MEDİA-ya açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
Onun sözlərinə görə, toplantının azad Qarabağda, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsi böyük əhəmiyyət kəsb edir: “Azərbaycan 4 ildir ki, əzəli və əbədi torpaqlarına sahib çıxıb, Qarabağ işğaldan azad edilib. 30 il haqsızlığa məruz qaldıq, dünyadan ədalət gözlədik, cəmi 44 günə BMT, ATƏT kimi böyük təşkilatların həllində aciz qaldığı münaqişəni həll etdik. 4 ildə Qarabağa böyük qayıdış layihəsinə start verdik. Qayıdış proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında böyük tikinti-quruculuq işləri başlanıb. Zəngilan, Füzuli, Cəbrayıl, Xankəndi, Şuşa, Ağdam, Hadrut, Xocalı və digər şəhərlər, qəsəbələr dirçəlir, yeni kəndlər salınır. Hər dəfə bu cür mötəbər toplantıların işğaldan azad edilmiş bölgələrdə keçirilməsi dünyaya bir mesaj verir: biz tarixi torpaqlarımıza qayıtmışıq, qururuq-yaradırıq, çünki bu torpaqların əsl sahibi bizik. Ermənistanın 30 illik mina terroruna baxmayaraq biz bu əraziləri bərpa edəcəyik. Ən mühüm beynəlxalq konfranslar bu torpaqlarda keçiriləcək”.
Elman Cəfərli bildirib ki, Şuşa forumunda irəli sürülən əsas tezislərdən biri də Güney Qafqazda sülh və Qərbi Azərbaycana qayıdışla bağlıdır: “Dövlət başçısı bir daha bəyan etdi ki, biz Qarabağ münaqişəsini həll etmişik, indi qalır sülh sazişini imzalamaq. Sülh sazişini isə Avropadakı hamilərinin dəstəyi ilə prosesi yubadan Ermənistan imzalamaq istəmir. Azərbaycanın heç kimin ərazisində gözü yoxdur, biz heç kimi suverenliyini, müstəqillyinin təhdid etmirik. Sadəcə, Ermənistan Azərbaycanın ərazi bütvölüyünü təhdid siyasətini qanuni əsas yaradan konstitusiyasını dəyişməli, qonşulara ərazi iddiası irəli sürməməlidir. İndi Ermənistan adlanan ölkədən zaman-zaman yüzminlərlə azərbaycanlı qovulub. Onların sonuncu 300 mini 1988-ci ildə köç edib. Qərbi Azərbaycandakı dədə-baba torpaqlarına dönmək, soydaşlarımızın qanuni haqqıdır. Ermənistan bu haqqı tanımalıdır. Qarabağa qayıtdığımız kimi o İrəvana, Göyçəyə, Qərbi Zəngəzura da qayıdacağıq. Ancaq topla, tankla deyil, dinc yolla, avtomobillərlə gedəcəyik. Zəngəzur dəhlizi də açılacaq. Biz Naxçıvanla quru əlaqələrini bərpa edəcəyik. Çünki qalib bizik. Tarixi isə hər zaman qaliblər yazır”.
Elman Cəfərli bildirib ki, Şuşa forumundan çıxan nəticələrdən biri də budur ki, Azərbaycan artıq təkcə regional güc deyil.
“Biz 30 il bizi geri salmış Qarabağ münaqişəsini həll etmişik. Bölgəni, bütövlükdə Cənubi Qafqazı qan canağına çevirmək, qeyri-sabitlik adası kimi saxlamağa çalışanların niyyəti gözündə qalıb. Bu bölgədə artıq güclü Azərbaycan var, proseslərə də biz yön veririk. Azərbaycan artıq təkcə regional deyil, qlobal problemlərlə məşğuldur. 30 illik işğal dönəmində Azərbaycana milyardlarla dollar ziyan dəyib. Lakin biz heç kimin köməyi olmadan, dünyanın gözü qarşısında ermənilərin barbarlıqla dağıtdığı yurd yerlərimizi minadan təmizləyir, dağıdılmış şəhər və qəsəbələrimizi bərpa edirik. Bu qədər problemin arasında ölkəmiz qlobal iqlim dəyişikliyinin doğurduğu fəsadlara qaşrı mübarizə aparır. Bu il Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Konfransı-COP29 keçiriləcək. Azərbaycan artıq təkcə regional məsələləri öz gücünə həll etmək iqtidarında olan ölkə deyil, həm də, dünya siyasətinə təsir göstərən orta güc statusunda olan ölkəyə çevrilib. Ölkəmiz inkişafda olan 50-dən çox kiçik ada dövlətlərinin inkişafı üçün xüsusi fond yaradacaq. Müasir dünyadakı hazırkı durum onların mövcudluğuna təhlükədir. Biz onlara kömək edəcəyik və onlar bizim təbii müttəfiqlərimizə çevriləcək. Azərbaycan kolonializmdən əziyyət çəkən bütün xalqlara dəstək verəcək. Fransa tipli dövlətlərin xırda xalqlara qarşı siyasəti çağdışıdır, qəbuledilməzdir, bu ədalətsizliklərə son qoyulmalıdır. Özü zaman-zaman haqsızlığa məruz qalmış Azərbaycan çalışır ki, milyonlarla insan öz torpağında azad yaşaya bilsin. Bu xalqlar öz gələcəyini özləri qurmalı, öz dillərini, mədəni irsini yaşatmalıdır. Bundan başqa Azərbaycan Türk Dövlətləri Təşkilatını qlobal gücə çevrimək istiqaməitndə mühüm addımlar atır”-deyə, o, bildirib.
QHT sədrinin fikrincə, Prezident İlham Əliyev forumda jurnalistlərin suallarını cavablayarkən iki mühüm məsələyə də diqqət çəkib: “Bu, Ukrayna və Fələstin məsələsidir. Bu mövzularda rəsmi Bakının mövqeyinin tənqid edənlərə aydın cavablar verildi. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan hər iki məsələdə ədalətli mövqe tutub. İki dövlətli həll yolu Yaxın Şərq münaqişəsinin yeganə həll yoludur. Fələstin dövləti yaradılmalı və Şərqi Qüds onun paytaxtı olmalıdır. Bu, Bakının rəsmi mövqeyidir. Azərbaycan Ukrayna xalqına da daim yardım göstərib. Bu günədək biz Ukrayna xalqına 40 milyon avroya yaxın humanitar və maliyyə dəstəyi göstərilib. Bu, humanitar xarakterli yardım bu günə qədər davam edir. Ölkəmiz həmçinin Ukraynanın İrpen şəhərində sosial infrastrukturun bərpasını həyata keçirib. Müharibədən zərər çəkmiş ukraynalı uşaqlar Azərbaycana gəlir, burada reabilitasiya keçirlər”.