Son yeniləmə: 22 İyul 2024 19:12
BAYRAQDAR MEDİA – “Fransa tərəfindən Ermənistanın “Bastion” çoxməqsədli zirehli avtomobilləri və “Sezar” özüyeriyən artilleriya qurğuları ilə təchiz edilməsi istiqamətdə atılan addımlardan sonra, Avropa İttifaqının Ermənistana hərbi yardım göndərməsi qərarı olduqca yanlış və təhlükəli addımdır və regionda gərginliyin artmasına xidmət edir”.
Bunu “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana hərbi yardım ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə medianın sualına cavabında deyib.
XİN-dən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, A.Hacızadə qeyd edib ki, Avropa Birliyi tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, bölgədə “bölücü xətlər” yaratmaq siyasətinin təzahürüdür: “Ermənistana sözügedən hərbi yardım və belə yardımın gələcəkdə artmasına çağırışlar Azərbaycan Respublikasının ərazilərinin bir hissəsini 30 ilə yaxın dövrdə işğal altında saxlayan, hal-hazırda ərazi bütövlüyümüzə qarşı iddialardan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirməyə və bölgədə destruktiv fəaliyyətinə xidmət edəcək. Avropa Birliyi Şurası tərəfindən verilmiş bu qərara qətiyyətlə etiraz edir, göstəriləcək yardım barədə şəffaf şəkildə məlumatın açıqlanacağını gözləyirik. Avropa Birliyi bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə töhfə verən bu kimi addımlara son qoymalı, bölgədə sülh və əməkdaşlığın alternativinin olmadığını anlamalıdır. Əks təqdirdə, Ermənistanın sabitliyi pozan hər hansı mümkün təxribatına görə Avropa Birliyi də məsuliyyəti bölüşəcək”.