BAYRAQADR MEDİA – “YAŞAT” Fondunun, Azərbaycanın Gənclər və İdman Nazirliyinin, Türkiyənin Gənclik və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidlərinin övladları üçün qardaş ölkənin Antalya şəhərində yay düşərgəsi davam edir.
Bu barədə BAYRAQDAR MEDİA-ya “ASAN xidmət”dən məlumat verilib.
Bildirilib ki, “şəhidlərin 18-22 yaş aralığındakı qız övladlarının qatıldığı yay düşərgəsi iyulun 21-dək davam edib. Layihənin ikinci hissəsində şəhidlərimizin oğlan övladları iştirak edəcəklər. Həmin düşərgə isə iyulun 29-dan avqustun 3-dək davam edəcək”.
Məlumata görə, düşərgənin əsas məqsədi gənclərin mədəniyyət və təcrübə mübadiləsində iştirakı, yeni dostluqların qurulması və beynəlxalq mühitin öyrənilməsidir: “Düşərgə Türkiyənin Gənclik və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Alaaddin Keykubat kampında keçirilir. Burada şəhid övladları ilə birgə Türkiyənin fərqli bölgələrindən olan gənclər də iştirak edirlər. Həftəlik proqram çərçivəsində müxtəlif idman növləri üzrə yarışlar, oxatma, dağa dırmanma, rafting, ebru sənəti, həmçinin liderlik bacarıqlarının inkişafı üçün seminar və təlimlər, düşərgə fəaliyyətləri, film gecəsi, intellektual və əyləncəli oyunları keçirilib. Kurşunlu şəlaləsinə və şəhər mərkəzinə ekskursiya təşkil olunub”.
Məlumata görə, düşərgənin qızlar üçün təşkil olunan həftəsi başa çatıb və onlar artıq Vətənə qayıdıblar. Növbəti həftədən isə şəhidlərimizin eyni yaş kateqoriyasından olan oğul övladlarının düşərgəsi başlayacaq: “Şəhidlərin övladları üçün “YAŞAT” Fondu tərəfindən mütəmadi olaraq düşərgələr, müxtəlif kurslar, layihələr, təlimlər təşkil edilir, onların yüksək səviyyəli təhsilinə dəstək göstərilir. Xatırladaq ki, “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid övladlarından ibarət daha bir qrup Londonda yay məktəbində iştirak edir”.