BAYRAQDAR MEDİA – İyulun 20-də Azərbaycan Milli Konservatoriyasında “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin icra etdiyi “Mədəniyyət paytaxtı” film-konsert layihəsi çərçivəsində ərsəyə gəlmiş eyni adlı film-konsertin təqdimat mərasimi keçiril. Sözügedən layihənin maliyyə dəstəyini Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi gerçəkləşdirir.
Xəbər BAYRAQDAR MEDİA-ya bəhsi keçən Birlikdən daxil olub.
Bildirilir ki, “film-konsert layihəsinin icrasında məqsəd ölkə başçısı, zati-ailələri İlham Əliyev cənablarının qərarı əsasında İslam dünyasının mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərində və ümumilikdə ölkəmizdə 2024-cü il ərzində təşkil ediləcək silsilə tədbirlərə töhfə verməkdir. Təsis edildiyi 2018-ci ildən etibarən, təməli Ulu Öndər Heydər Əliyev cənabları tərəfindən qoyulmuş Azərbaycançılıq məfkurəsinə sədaqətlə xidmət edən “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyi bu illər ərzində həm Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə, həm də daxili imkanları ilə layihələr icra edib”.
Birlikdən bildirilir ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Bəhram Nəsibov yaradıcılığında Azərbaycançılıq məfkurəsi və Heydər Əliyevin 95 illik yubileyi” albomu buraxılıb və təqdimatı keçirilib.
2020-ci ildə “Ailə cizgiləri“ sosial çarxı, 2021-2022-ci illərdə Bəhram Nəsibovun 80 illik yubileyinə ithaf olaraq bəstəkarın mahnılarının not yazılarından ibarət “Nəğmələrdə yaşayan ömür” adlı 6 cildlik kitabın ilk cildinin çapı (II cild Milli Konservatoriyanın dərslik vəsaitidir) və təqdimatı olub.
2022-ci ildə Azərbaycan tarixi, şəhidləri haqqında A-dan Z-yə bütün məlumatları əks etdirən “Faciəli təqvim tariximiz” 12 cildlik kitabının çapı və təqdimatı keçirilib.
2022-ci ildə “Erməni plagiatına məruz qalmış Qərbi Azərbaycan yallıları” kitabının çapı və təqdimatı olub.
2023-cü ildə “Azərbaycançılığn musiqili təqdimatı” adlı Heydər Əliyev şəxsiyyətinə həsr edilmiş mahnı və marşlardan ibarət jurnalın çapı və təqdimatı təşkil edilib.
2023-cü ilin avqustunda məcburi köçkünlərin işğaldan azad edildikdən sonra qısa müddətdə bərpa edilən Füzuli şəhərinə ilk qayıdışı olub. Həmin ərəfədə Füzuli şəhərinə səfər edərək həm bu quruculuq işləri, həm qayıdış prosesi, həm dağıdılmış xeyli sayda kəndlər haqqında süjetlərin hazırlanması və sosial şəbəkədə paylaşımların edilməsi gerçəkləşdirilib.
Qarabağ həsrəti ilə dünyasını dəyişən bəstəkarın məzarına öz kəndi və şəhərindən gətirdiyi torpağı səpib, maddi və mənəvi dəyərlərə sahib çıxılması mesajının ictimailəşdirilməsi də fəaliyyətlərdən biridir.
2024-cü ildə Birlik Mədəniyyət Nazirliyi ilə birgə bəstəkar Bəhram Nəsibovun yaradıcılığına həsr olunmuş konserti M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirib.
Bugünkü təqdimat mərasimi 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərini və İslam dünyasını vəsf edən film-konsertin çəkilməsi və təqdimatına həsr edilib. Film-konsertdə Şuşadakı Yuxarı Gövhər ağa məscidinin imamı Mirabdullah Həsənli şəhər məscidlərinin 30 illik işğal dövründə dağıdılması və Vətən müharibəsindən sonrakı bərpa işləri haqda danışıb, Azərbaycan Milli Konservatoriyasının professoru, musiqişünas və film-konsertin məsləhətçisi Abbasqulu Nəcəfzadə ilk dəfə film-konsertdə səslənən mahnıları təhlil edib, Daxili Qoşunların xüsusi təyinatlısı, Vətən müharibəsi qazisi, “Qarabağ” ordenli kapitan Vüsal Həsənov Vətən müharibəsində Azərbaycan Ordusunun rəşadəti haqqında, əczaçı-bioloq, sitrus bitkilərinin seleksiyaçısı Rauf Rəhimov isə insanla təbiətin harmoniyası haqqında fikirlərini bildirib.
Bəstəkar Bəhram Nəsibovun bəstələdiyi “Vətən bağı” (Sözləri: Ağabəyim ağa Cavanşir), “Cıdır düzü” (Sözləri: Rəfiq Zəka), “İslam dünyası” (Sözləri: Nəcməddin Mürvətov), “Şuşa qalası” (Sözləri: Sabir Əliyev) mahnıları ilk dəfə film-konsertdə müğənni-bəstəkar Elnur Nuri tərəfindən səsləndirilib.
Film-konsertdə mahnılar, müsahiblər, kadrarxası mətnlərin, interküylərin harmoniyasında tamaşaçıya çatdırılıb. Bu da tamaşaçını mövzuyla audio-vizual şəkildə tanış edir.
Film konsertin yaradıcı heyəti – layihənin rəhbəri, ssenari müəllifi, montaj: Adil Nəsibov, rejissor: Cəsarət Hüseynzadə, operator: Elmir Mirzəzadə, məsləhətçi: Abbasqulu Nəcəfzadə, prodüser: Vüsal Əhmədov, redaktor: Şəbnəm Tofiqqızı.
Təqdimat mərasimində layihənin rəhbəri Adil Nəsibov, Azərbaycan Milli Konservatoriyasının rektoru, Prof. Siyaviş Kərimi, film-konsertin məsləhətçisi Abbasqulu Nəcəfzadə və digər çıxışçılar əhatə edilən mövzu haqqında fikirlərini bildiriblər.