Press "Enter" to skip to content

Azərbaycan milli mətbuatı ağır sınaqlardan üzüağ çıxıb

Tədbir zamanı

Son yeniləmə: 19 İyul 2024 10:00

Mürsəl Rüstəmov: ATİB yarandığı gündən mediaya açıq və şəffaf fəaliyyəti öz təməl prinsipi elan etmişdir

BAYRAQADR MEDİA – “Düz 149 il əvvəl, 1875-ci il iyul ayının 22-də ilk sayı işıq üzü görən “Əkinçi” qəzeti cəmi iki il fəaliyyət göstərsə də dərin bir tarix yazmışdır. Görkəmli publisist, maarifçi, mütəfəkkir Həsən bəy Zərdabinin təsis etdiyi bu qəzet milli mətbuatın əsasını qoymaqla yanaşı xalqımızın milli oyanışında, milli birliyimizin möhkəmlənməsində də müstəsna rol oynamışdır”.

Bunu Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl Rüstəmov rəhbərlik etdiyi qurumun 22 İyul – Milli Mətbuat Günü münasibəti ilə təşkil etdiyi səhər yeməyindəki çıxışında bildirdi.

Senzuranın ləğv edilməsi ilə ölkədə söz və mətbuat azadlığı bərqərar oldu

M.Rüstəmov qeyd etdi ki, həmin vaxtdan bu günümüzə qədər Azərbaycan milli mətbuatı ağır sınaqlardan üzüağ çıxıb: “Milli mətbuatımız müstəqilliyimizin bərpasından sonra xalqımızın öz tarixinə, milli-mənəvi dəyərlərinə sahib çıxması ilə yeni bir intibah yaşamağa başladı. Xüsusilə, Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə mətbuatın üzərindən dövlət senzurasını ləğv etməsi ilə ölkəmizdə söz və mətbuat azadlığı bərqərar oldu”.

Mürsəl Rüstəmov
Mürsəl Rüstəmov

ATİB rəhbəri vurğuladı ki, Ümummilli liderin bu sahədə yürütdüyü siyasət bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir: “Ölkə başçısının sərəncamı ilə 2009-cu ildə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun və 2021-ci ildə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaradılması məhz mediaya bu diqqət və qayğının təzahürüdür. Azərbaycan mediası da öz növbəsində daim üzərinə düşən çox məsuliyyətli və şərəfli vəzifəni layiqincə yerinə yetirmiş, hər zaman həm Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması, həm də Azərbaycan həqiqətlərinin dünyaya təbliğində fəal iştirak etmişdir”.

Milli mətbuat müharibədən sonrakı dövrdə də fəaliyyətini uğurla davam etdirməkdədir

M.Rüstəmov dedi ki, 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycanın düşmən təbliğatına qarşı informasiya mübarizəsinə yüksək peşəkarlıq, fədakarlıq və çevikliklə öz töhfəsini verən milli mətbuat müharibədən sonrakı dövrdə də bu işi uğurla davam etdirməkdədir: “Onu da xüsusi olaraq qeyd etmək istəyirəm ki, ötən müddət ərzində dövlətçiliyimiz və müstəqilliyimiz üçün qələmi ilə döyüşənlərlə yanaşı, ordumuzun sıralarında silahı ilə mübarizə aparıb şəhid və qazi olan jurnalistlərimiz də oldu. Bu gün onları da ehtiramla anır, həlak olanların ruhları önündə baş əyir, yaralananlarımıza şəfa diləyirik”.

Tədbirdən xatirə fotosu
Tədbirdən xatirə fotosu

Çıxışında Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu deyən M.Rüstəmov Milli Mətbuat Günü ərəfəsində təşkil edilən səhər yeməyində də bu məqamın diqqətdən qaçmadğını əlavə etdi: “Bu gün burada Azərbaycanın media təmsilçiləri ilə yanaşı TRT Azərbaycan Ofisinin və Anadolu Ajansının Qafqaz, Orta Asiya Bölgə Ofisinin nümayəndələri iştirak edirlər. Bildiyiniz kimi həm Vətən müharibəsi dövründə, həm də ondan sonra qardaş ölkənin media nümayəndələri də azərbaycanlı həmkarları ilə çiyin-çiyinə fəaliyyət göstərmiş, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında əllərindən gələni əsirgəməmişlər.

ATİB-in məhsuldar komandası media təmsilçilərini tək qoymadı
ATİB-in məhsuldar komandası media təmsilçilərini tək qoymadı

Fürsətdən istifadə edərək bu gün aramızda olan Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri hörmətli Dr. Alptekin Cihangir İşbilirə, eləcə də TRT və Anadolu Ajansının Azərbaycan nümayəndəlikləri vasitəsilə türk qardaşlarımıza da minnətdarlığımızı bildirir, birlik və bərabərliyimizin daimi olmasını diləyirik”.

Media ilə sıx əməkdaşlıq və dostluq davam etdiriləcək

Media təmsilçiləri ilə görüşdəki çıxışında rəhbərik etdiyi qurum barədə də qısa məlumat verən M.Rüstəmov “Azərbaycan-Türkiyə İş Adamları Birliyi yarandığı gündən ictimaiyyətə, dolayısı ilə mediaya açıq və şəffaf fəaliyyəti öz təməl prinsipi elan etmişdir. Birliyimizin daha öncəki rəhbərləri hər zaman kütləvi informasiya vasitələri ilə əməkdaşlığa açıq olmuşdur. Çox sağ olsunlar ki, dəyərli media nümayəndələrimiz də heç vaxt bizi diqqətdən kənar qoymamış, fəaliyyətimizlə bağlı yenilikləri hər zaman obyektiv şəkildə işıqlandırmışlar. 2023-cü ilin dekabr ayından ATİB İdarə Heyətinin sədri olaraq mən seçilmişəm. Bu gün əslində həm də bir növ bizim tanışlıq görüşümüzdür. Öz növbəmdə bildirirəm ki, mən də öncəki rəhbərlərin siyasətini davam etdirmək, media ilə sıx əməkdaşlıq və dostluğu davam etdirmək əzmindəyəm” dedi.

M.Rüstəmov onu da qeyd etdi ki, 2024-cü ildə ATİB-in 20 yaşı tamam olur: “Bu münasibətlə “Hər sahədə qardaşlıq: Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin dünəni, bu günü və sabahı” mövzusunda publisistik yazı müsabiqəsi elan edirik. Hamınızı müsabiqədə iştirak etməyə dəvət edir, dəvətimizi yerə salmayıb bugünkü tədbirdə iştirak etdiyinizə görə hamınıza təşəkkür edir, hər birinizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.

Mürsəl Rüstəmov (solda), Seymur Bünyadov və Dr. Alptekin Cihangir İşbilir (sağda)
Mürsəl Rüstəmov (solda), Seymur Bünyadov və Dr. Alptekin Cihangir İşbilir (sağda)

M.Rüstəmov “sonda bu gözəl tədbirə ev sahibliyi edən “Köşəbaşı” restoranına, bu restoranın sahibi, ATİB İdarə Heyətinin üzvü Seymur Bünyadova minnətdarlıq edirəm” dedi.

Dr. Alptekin Cihangir İşbilir: Bizi qarşıda yeni vəzifələr, yeni sınaqlar və yeni mübarizələr gözləyir

Sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbilir öncə qarşıdan gələn Milli Mətbuat Günü münasibəti ilə media təmsilçilərini təbrik etdi.

Çıxışına davam edən müşavir dedi ki, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə əlaqlər uğurla inkişaf edir: “Bu də təsadüfi deyil. Çünki bu əməkdaşlıqlar xalqların qardaşlığına və cənab Prezident İlham Əliyevlə sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğanın qətiyyətinə əsaslanır. Eyni zamanda media sahəsində əməkdaşlıqda da inanılmaz uğurlar əldə edilməkdədir ki, bunun üçün də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Türkiyə Cumhurbaşkanlığı İletişim Başkanı Fahrettin Altunun əməyini, misilsiz fəaliyyətini qeyd etməsək olmaz. Lakin düşünürəm ki, biz media təmsilçiləri də daim öndə olmalı, qardaşlığın daha da güclənməsi üçün yeni-yeni təşəbbüslərlə çıxış etməliyik”.

Dr. Alptekin Cihangir İşbilir çıxış edərkən
Dr. Alptekin Cihangir İşbilir çıxış edərkən

Dr. Alptekin Cihangir İşbilir qeyd etdi ki, bizi qarşıda yeni vəzifələr, yeni sınaqlar və yeni mübarizələr gözləyir: “44 günlük Vətən müharibəsində cəbhədə qələbə qazandıq. Amma bir cəbhə var ki, orada savaş hələ də davam edir və bundan sonra da davam edəcək. Bu informasiya cəbhəsidir. Bizlər bu savaşda qalib olmaq üçün gecə-gündüz fasiləsiz çalışmalı, həm də dünya çapında yeni dövrün tələblərinə uyğun olaraq düşmənlə mübarizə aparmaq gücündə, əzmində və qabiliyyətində olan gənc nəsil media təmsilçilərinin yetişdirilməsini üçün çalışnmalıyıq”.

Səadət Məmmədova: ATİB hər zaman media ilə əməkdaşlığa xüsusi önəm verib

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədr müavini Səadət Məmmədova ATİB-in media əhli ilə, jurnaistlərlə işləmək ənənəsinin olduğunu xatırlatdı: “Mən uzun illərdir ATİB-in fəaliyyətini yaxından izləyirəm. ATİB bir sıra maraqlı layihələrin icraçısı kimi fərqlənib və hər zaman media ilə əməkdaşlığa xüsusi önəm verib”.

Səadət Məmmədova
Səadət Məmmədova

S.Məmmədova bu baxımdan illər öncə ATİB-in təşəbbüsü ilə gerçəkləşən KKTC-yə Bakıdan birbaşa uçuşu qeyd etdi: “Həmin vaxt üçün bu olduqca riskli, amma cəsarətli addım idi. Məhz ATİB bu addımı atdı. Onu da deyim ki, həmin reysin sərnişinləri arasında media təmsilçilərinə xüsusi diqqət ayrılmışdı”.

Vüqar Rəhimzadə: Azərbaycanda söz və mətbuat azadlığı yüksək səviyyədə təmin olunub

Çıxış edən Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də qarşıdan gələn əlamətdar gün münasibəti ilə iştirakçıları təbrik etdi.

Vüqar Rəhimzadə
Vüqar Rəhimzadə

Baş redaktor Azərbaycanda söz və mətbuat azadlığının yüksək səviyyədə təmin olunduğunu, dövlətin bu sahəyə, o cümlədən jurnalistlərə xüsusi diqqət və qayğı ilə yanaşdığını dedi.

Namiq Əliyev: İki qardaş ölkə mediasının birlikdə görməli işlər var

Çıxış edən Mərkəzi Bankın Mətbuat xidmətinin rəhbəri Namiq Əliyev Dr. Alptekin Cihangir İşbilirin “bizi qarşıda yeni vəzifələr, yeni sınaqlar və yeni mübarizələr gözləyir” sözlərini dəstəklədiyini dedi.

Namiq Əliyev
Namiq Əliyev

O, qeyd etdi ki, iki qardaş ölkə mediasının birlikdə görməli işlər var: “Bunun üçün də biz fəaliyyətlərimizi daha da intensivləşdirməliyik”.

Fatih Avanos: Bu 6 il zəngin yeniliklərlə yadda qalıb

Çıxış edən TRT-nin Bakı müxbiri Fatih Avanos artıq 6 ildir ki, Azərbaycanda fəaliyyət göstərdiyini dedi.

Fatih Avanos
Fatih Avanos

O, qeyd etdi ki, bu 6 il zəngin yeniliklərlə yadda qalıb: “Xüsusilə bu illər Türkiyə ilə Azərbyacan arasında əməkdaşlığın hər keçən gün daha da güclənməsi ilə tarixə düşüb”.

Aqil Ələsgər: Görünən odur ki, bu xoş ənənə davam edir

Çıxış edən “Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər də ATİB-in media ilə əməkdaşlıq ənənəsinin olduğunu dedi: “ATİB fəaliyyəti boyu, xüsusilə də Camal Yanğının rəhbərlik etdiyi illərdə media təmsilçiləri ilə ənənəvi səhər yeməklərində bir araya gəlib. İndi görünən odur ki, bu xoş ənənə davam edir”.

Aqil Ələsgər
Aqil Ələsgər

“Mən bunu alqışlamaqla yanaşı ATİB-in yeni rəhbərliyini media qurumları ilə daha dərindən əmədaşlığa, onlara hərtərəfli dəstək verməyə səsləyirəm” deyə A.Ələsgər bildirdi.

Tort kəsilərkən
Tort kəsilərkən

Çıxışlardan sonra Milli Mətbuat Günü münasibətilə ilə özəl olaraq hazırlanmış tort kəsildi və xatirə fotosu çəkildi.

ATİB-in zəhmətkeş təmsilçilərindən Gülnar xanım ilə bizim masanın da xatirə fotosu olsun dedik
ATİB-in zəhmətkeş təmsilçilərindən Gülnar xanım ilə bizim masanın da xatirə fotosu olsun dedik
Mission News Theme by Compete Themes.