Son yeniləmə: 19 İyul 2024 15:35
BAYRAQDAR MEDİA – Məlum olduğu kimi Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr getdikcə daha da dərinləşir. Təbii ki, bu istiqamətdə atılan addımlarda hər iki ölkənin mediasının da üzərinə mühüm vəzifələr düşür.
Bu baxımdan Azərbaycan-Türkiyə Media Platforması çərçivəsində əlaqələrin gücləndirilməsi üçün davamlı addımlar atılır.
Öncədən də qeyd etdiyimiz kimi Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbilirin görəvə başlamasından sonra bu addımlar daha da intensivləşib.
Bir neçə gündən sonra, iyulun 26-da isə onun bu vəzifədə fəaliyyətinin 100-cü günü tamam olacaq. Bu barədə məlumat verən Dr. Alptekin Cihangir İşbilir deyib ki, 100-cü günə “əlidolu” gedir: “Ötən müddət ərzində Bakıda çoxsaylı məhsuldar görüşlər keçirdim. İstər ayrı-ayrı media təmsilçiləri və QHT rəhbərləri ilə səfirlikdə keçirilən görüşlərdə, istərsə də özümün züyarət etdiyim qurumlarda aparılan söhbətlər zamanı çoxsaylı təkliflər səsləndirilib. Həmçinin müxtəlif layihələr ortaya qoyulub. İnşallah qardaş Azərbaycanda fəaliyyətə başlamağımın 100-cü günündə bu təklif və layihələr bir daha gözdən keçiriləcək, dəyərləndirilmələr aparılacaq. O dəyərləndirmələrin nəticəsində də yeni yol xəritəsi cızılacaq”.