Press "Enter" to skip to content

İnternetin qiyməti də 40 faiz artırılır…

Osman Gündüz

BAYRAQDAR MEDİA – Provayderlər, o cümlədən dövlət provayderləri internet tariflərini 40 faiz qaldırmaq istəyir.

Görəsən “yüksək sürətlər və yüksək qiymətlər” prinsipi doğrumu yanaşmadır?

Baxıram ki, yenə manipulyasiyalar, yenə provayderlərin bu məntiqsiz addımlarının doğru olmasını öncədən əsaslandıranların haray-həşiri bürüyüb aləmi…

Görünən odur ki, dövlət və özəl provayderlər sanki bir yarışa girməklə, sanki bir separat sövdələşmə etməklə internetin sürətini və qiymətini gələn aydan birdən birə 40 faiz qaldırmaq istəyirlər.

Hazırda minimal qiymət 18 manat müəyyən olunub və bu ödənişlə istifadəçi 40 Mbit/s sürət əldə edə bilir.

İndi təklif olunan isə minimal 100 Mb/s üçün 25 manat olacaq.

Görünür, provayderlər, o cümlədən dövlət provayderləri də bir anda varlanmaq xətti götürüblər. Baxırlar ki hamı ölkədə qiymətləri qaldırır, düşünüblər ki onlar niyə etməməlidirlər?

Bütün bunlar isə düşünürəm ki, doğru bir yanaşma deyil; yəni “yüksək sürətlər və yüksək qiymətlər” prinsipi heç bir halda doğru deyil. Xüsusən də regionlar üçün.

Düşünürəm ki, hamı üçün minimal sürəti 100 Mbit/s etməklə hansısa beynəlxalq reytinqlərdə yüksək yerlər qazanmağı vətəndaşlarımızın maraqlarından üstün tutmaq yolverilməzdir.

Azərbaycanda rəsmi rəqəmlərə görə əhalinin yarısı kənd əhalisidir. Bu birmənalıdır.
Belə olan halda hamı üçün minimal sürəti 100Mbit/s etmək görəsən kimin ağlına gəlib? Hansı təfəkkürün məhsuludur bu?

İndi mən sual edirəm hökumətə, kənddə yaşayan, sahibkarlıqla məşğul olmayan, VÖEN-i olmayan, min cür əziyyətlə çörəkpulu – gündəlik ruzisini qazanan, yalnız övladı ilə internet üzərindən əlaqə saxlayan, yalnız hansısa bir onlayn xidmətdən yararlanan, hansısa bir təhsil və ya digər dövlət xidməti alan bir vətəndaşımızın 100 Mbit/s sürətə ehtiyacı varmı?

Bu vətəndaşlarımz hara sərf edəcək bu sürəti? Nə üçün biz zorla ona zəruri olmayan bu sürəti verib min əziyyətlə qazandığına şərik olmalıyıq?

Qiymət siyasəti elə qurulmalıdır ki, hamı üçün ehtiyacına uyğun olaraq əlçatan olsun.
Dövlət provayderlərinin bu tip addımları isə ümumiyyətlə ağlasığmazdır.

Provayder ona görə hələlik “dövlət provayderidir ” ki, məhz hər bir vətəndaşın tələbatına və gələcək inkişafına zəruri olan internetə əlçatanlığı olsun.

Bir yandan rəqəmsal transformasiya deyirik, rəqəmsal xidmətlər yaradırıq, rəqəmsal savadlılığı artırırıq, digər tərəfdən də bunun üçün əsas ola biləcək vasitənin əlçatanlığını məhdudlaşdırırırq.

Son 3 ildə RİNN bütün ölkə boyu ildırım sürətli bir internetləşmə siyasəti apara bilib.

On illər ərzində reallaşa bilməyən reallaşıb. Ölkədə nəhəng bir internet şəbəkəsi, həm də dövlətə məxsus olan bir şəbəkə formalaşıb. Bütün ölkə boyu keyfiyyətli internetə əlçatanlıq 92 faizə çatıb. Bu, çox böyük bir uğurdur. Amma buna kölgə sala biləcək addımlara yol vermək doğru olmazdı.

İndi dövlətə məxsus olan bu internet şəbəkəsinin sahibi elə siyasət qurmalıdır ki, istifadə və qiymətlər hamı üçün əlçatan olsun.

Ümid edirəm, RİNN, İKTA baş verənlərin fərqindədir.

P.S. Antiinhisarın adını çəkmədim ki, onsuz da RİNN ilə, Aztelekomla məhkəmə çəkişməsindədirlər…

Mission News Theme by Compete Themes.