BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında (ADAMDT) “İblis və…” tamaşasının daxili baxışı keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “səhnə əsəri Bədii Şura tərəfindən müzakirə olunaraq qəbul olunub. Tamaşanın premyerası sentyabr ayında Sankt-Peterburqda – Aleksandrinski Teatrında keçiriləcək. 4-5-6 oktyabr tarixlərində isə ADAMDT-da tamaşaçılara təqdim olunacaq”.
Sonra xəbərdə bildirilir ki, “yeni səhnə əsərinin quruluşçu rejissoru Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Həsənov, bəstəkarı Azər Hacıəsgərli, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Azər Turan, rejissor assistentləri Nərmin Həsənova və Ceyran Başarandır”.
Qeyd edək ki, Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı fəlsəfi dekonstruktiv-metadramdır.