Press "Enter" to skip to content

Şəhidlər məscidində Quran ziyafəti təşkil olunub

Mərasim zamanı

Son yeniləmə: 17 İyul 2024 11:17

BAYRAQDAR MEDİA – Bakıda Şəhidlər məscidində 15 iyul Şəhidləri və Tovuz Döyüşləri Şəhidlərinin əziz xatirəsinə Quran ziyafəti təşkil olunub.

Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, tədbiri Türkiyə səfirliyinin din xidmətləri müşaviri İhsan Açıq açıq elan edib. O, öz çıxışında 15 İyul şəhidlərini və Tovuz şəhidlərini rəhmətlə yad edərək şəhidliyin əhəmiyyətindən danışıb: “Şəhidlik uca bir zirvədir. Əslində şəhidlik ilk insan nəsli ilə başlamış və qiyamətə qədər də davam edəcəkdir. 15 İyulda Türkiyənin necə bir fəlakətin astanasından döndüyünü, xain dövlət çevrilişinə cəhd edənləri və onların arxasında duran güclərə qarşı verdiyi mücadiləni unutmamaq şəhidlərimizə vəfa borcumuzdur”.

İhsan Açıq, həmçinin, Azərbaycan Ordusunun qəhrəmanlıq salnamələrindən biri olan Tovuz döyüşlərindən bəhs edib və bu döyüşlərin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib: “Tovuz döyüşləri Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil oldu. Tovuz döyüşlərində Azərbaycan ordusunun yüksək rütbəli zabitləri və əsgərləri qəhrəmanlıq və igidlik nümunələri göstərərək, törədilən təxribatların qarşısını qətiyyətlə aldılar. Bu döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan mərd, vətənsevər oğullar heç zaman unudulmayacaqdır”.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Azərbaycan ictimaiyyətinin nümayəndələri və Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamları da iştirak ediblər.
Məlumata görə, sonda Qurani-Kərimdən surələr oxunub, həmçinin İhsan Açıq tərəfindən 15 İyul şəhidləri və Tovuz döyüşləri şəhidləri üçün oxunan xətmlərin duası olunub, bütün şəhidlərə dualar edilib.

 

Mission News Theme by Compete Themes.