BAYRAQDAR MEDİA – Qazaxıstanda keçirilən “Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin iştirakçı ölkələrinin hərbi rəhbərliyi “Oymaşa” təlim poliqonuna gəlib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən məlumat veriblər.
Bildirilib ki, “nümayəndələr əvvəlcə poliqonda təlim iştirakçıları üçün yaradılan şəraitlə tanış olublar. Xarici hərbi kontingentin yerləşdiyi yerlərə və yeməkxanaya baxış keçirilib. Sonra Azərbaycan Ordusunun təlimə cəlb edilən hərbi qulluqçuları tranşey döyüşü nümayiş etdiriblər”.
Məlumata görə, Azərbaycan, Qırğızıstan, Özbəkistan və Tacikistan nümayəndə heyəti komandanlığın idarəetmə məntəqəsinə gəlib: “Təlim iştirakçılarının hazırlıq prosesi ilə bağlı ətraflı məlumat verildikdən sonra təlimdə icra ediləcək fəaliyyətlər barədə xəritə üzərində və videokonfrans vasitəsilə məruzələr dinlənilib. Sonda qonaqlar “Birləşdik – 2024” beynəlxalq təliminin taktiki epizodunu izləyiblər. Məhdudgörmə şəraitində qanunsuz silahlı dəstələrin məhv edilməsi üzrə tapşırıqlar təlim iştirakçıları tərəfindən yüksək peşəkarlıqla icra edilib”.