Press "Enter" to skip to content

Aİİ tələbələri xaricdə təhsili müvəffəqiyyətlə başa vurublar

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, Dos. Aqil Şirinov 2023/2024-cü tədris ilinin yaz semestri dövründə Qazaxıstanın Almatı şəhərində fəaliyyət göstərən “Nur-Mübarək” Misir İslam Mədəniyyəti və Türkiyənin 29 Mayıs universitetlərində təhsil alan tələbələrlə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Aİİ-dən daxil olub.

Xəbərdə qeyd olunur ki, “A.Şirinov Əməkdaşlıq Müqaviləsi çərçivəsində həyata keçirilən mübadilə proqramının iştirakçısı olan tələbələri təhsillərini müvəffəqiyyətlə başa vurması münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rektor vurğulayıb ki, belə layihələrin təşkilinin əsas məqsədi savadlı, eyni zamanda, milli-mənəvi dəyərlərə sahib çıxan kadrların hazırlanmasına nail olmaqdır. A.Şirinov tələbələrə bir sıra tövsiyələrini bildirib. Təkcə dərslərlə kifayətlənməyin yetərli olmadığını bildirən ali təhsil müəssisəsinin rəhbəri daha sonra qeyd edib ki, əlavə mütaliələrlə məşğul olmaq, İnstitutda pulsuz təşkil olunan kurslarda fəal iştirak etmək vacibdir”.

Tələbələr təhsil aldıqları ali təhsil müəssisəsi və keçirilən fənlər barədə təəssüratlarını bölüşüblər. Həmçinin onlara göstərilən yüksək etimada görə dərin təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Aİİ-də təhsilalanların yüksəkixtisaslı kadrlar kimi yetişməsi, eyni zamanda, dünyagörüşlərinin zənginləşdirilməsi məqsədilə müxtəlif layihələr həyata keçirilir.

Mission News Theme by Compete Themes.