Son yeniləmə: 16 İyul 2024 14:56
Qloballaşma və Milli Həmrəylik İctimai Birliyi “Milli-mənəvi dəyərlərin yaşadılması” layihəsi çərçivəsində növbəti tədbirini Saatlı rayonunda keçirib
BAYRAQDAR MEDİA – Qloballaşma və Milli Həmrəylik İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin yaşadılması” layihəsi çərçivəsində növbəti tədbirini Saatlı rayonunda keçirib.
Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Birlikdən məlumat verilib.
Bildirilib ki, “rayonun Gənclər Mərkəzində baş tutan tədbir də mövzu ətrafında maraqlı müzakirələr aparılıb, diskusiyalar təşkil olunub. Öncə layihənin rəhbəri, Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin sədri Həsən Qarayev çıxış edib. O, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsi üçün ardıcıl olaraq ictimaiyyət arasında maarifləndirmə işinin təşkilinə ehtiyac olduğunu bildirib”
Məlumata görə layihə rəhbəri qeyd edib ki, müasir dünyanın yenilikləri, sürətlə davam edən qloballaşma əksər ölkələr kimi Azərbaycandan da yan keçməyib: “Lakin yenilik, müasirlik heç də xalqımıza məxsus adət-ənənələrinin kölgəyə sıxışdırılması demək deyil. Digər tərəfdən milli mentalitetimizə xas olmayan dəyərlərin ölkəmizə idxalı yolverilməzdir. Azərbaycan xalqı üçün min illər boyu mövcud olmuş milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması vacibdir. Bu iş də birliyimizə və həmrəyliyimiz zərurət var”.
Məlumata görə daha sonra ikinci Qarabağ müharibəsinin iştirakçısı Çingiz Abdullayev çıxış edib: “O, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin dərindən öyrənilməsi və araşdırılması müasir gəncliyin üzərinə düşən başlıca vəzifələrdən olduğunu söyləyib. Saatlı rayon İcra Hakimiyyətinin əməkdaşı Orxan Səməndərli isə çıxışında Azərbaycan xalqının özünəməxsuz adət-ənənəsi olduğunu və bu dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən mühüm Fərman və Sərəncamlar imzalandığını bildirib. Tədbridə həmçinin Gənclər Mərkəzinin əməkdaşı Əli Paşayev, Saatlı rayon RMX-in əməkdaşları Elsevər Həziyev, Ruslan İbrahimov və digərləri çıxış edərək müasir Azərbaycan dövlətinin qurucusu və xilaskarı Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və inkişaf etdirilməsində əvəzsiz rolundan danışıb. Qeyd ediblər ki, dahi şəxsiyyət milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımız deyil, eyni zaman da dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Ona görə də çox böyük fədakarlıqla xalqımıza məxsuz milli mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm işlər görürdü”.
Tədbirin sonun da iştirakçıları maraqlandıran suallar cavablandırılıb.