BAYRAQDAR MEDİA – Son aylarda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) elektron kitab bazasında ciddi artım müşahidə olunur.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə deyilir ki, “MEK rəhbərliyi və əməkdaşların birgə səyi nəticəsində kitabxananın rəqəmsallaşdırma işlərində böyük irəliləyişlər müşahidə olunub. Reproqrafiya şöbəsi istifadəçilərin müasir informasiya sistemindən yararlanmasını təmin etmək üçün xüsusi xidmətlər təklif edib. Qeyd edək ki, şöbə tərəfindən müasir Almaniya istehsalı olan xüsusi “By Metis” və “Zeutschel” aparatları vasitəsilə hər növ çap məhsullarını rəqəmsallaşdırmaq mümkündür. Bu, istifadəçilərə daha geniş və rahat şəkildə elmi materiallara çıxış imkanı yaradır. Son bir neçə ay ərzində Reproqrafiya şöbəsi tərəfindən ümumilikdə çoxlu sayda kitab, məqalə və avtoreferat konvertasiya olunaraq PDF formatında MEK-in bazasında yerləşdirilib. Bu rəqəmsal materiallar arasında görkəmli şəxsiyyətlərin, alimlərin kitabları və məqalələri də yer alır”.
Daha sonra xəbərdə, “bu sırada Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsini özündə əks etdirən kitablar və “Kommunist” qəzetindən Ulu Öndərə həsr olunmuş məqalələr, dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə ədəbiyyatlar, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən biri olan Məmməd Əmin Rəsulzadə haqqında kitablar, Qarabağ müharibəsi iştirakçıları və şəhidləri haqqında kitab, müxtəlif mövzulara aid xarici və Azərbaycan dillərində ədəbiyyat nümunələri də rəqəmsallaşdırılaraq elektron bazaya daxil edilib. Eyni zamanda, oxuculara skan və konvertasiya xidməti göstərilib” deyə qeyd edilir.
Rəqəmsallaşdırma işlərinin həyata keçirilməsi MEK-in informasiya təminatında müasir texnologiyalardan istifadəyə daha geniş imkanlar açır.