Son yeniləmə: 16 İyul 2024 09:20
BAYRAQDAR MEDİA – “Bu gün dünyada öz inkişafına görə müsbət mənada fərqlənən ölkələr sırasında vətənimiz Azərbaycan da var. Azərbaycanda bu inkişafa heç də asanlıqla nail olunmayıb. Bunun üçün uğurlu siyasət, çoxşaxəli islahatlar həyata keçirilib. Azərbaycan eyni zamanda insanların fikir, söz azadlığına, həmçinin dini azadlığa hörmətlə yanaşılan ölkə kimi tanınır”.
Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri deyib.
Onun sözlərinə görə, Azərbaycan həm də multikulturalizm və tolerantlıq mərkəzi kimi tanınır: “Bu da təsadüfi deyil. Çünki multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələri, o cümlədən mütləq əskəriyyət təşkil edən müsəlmanlara öz dini ayinlərini sərbəst şəraitdə icra etmək üçün bütün şərait yaradılıb”.
N.Azəri deyib ki, bununla belə bəzən dini ayinlərin icrası zamanı müəyyən yanlışlıqlara yol verilir ki, bunun da mənfi fəsadları uzun müddət aradan qaldırıla bilinmir: “Mən buna misal olaraq hər il Aşura günü yaşanan bəzi məqamları qeyd etmək istəyirəm. Məsələ burasındadır ki, bəzən valideynlər özləri də bilmədən ciddi yanlışlığa yol verirlər. Bu isə onların övladlarının səhhətinə, psixoloji durumuna uzun müddət mənfi təsir göstərir. Söhbət hər il Aşura günü azyaşlı uşaqların da məscidlərdəki mərasimlərə aparılmasından gedir. Nəticədə də uşaqlar həm hava və sıxlıq səbəbi ilə xəstələnir, həm də bu mərasimlər zamanı sərgilənən dini rituallar nəticəsində psixoloji travma almaq təhlükəsi ilə üzləşirlər. Bu gün də Aşura günüdür və mən valideynlərə müraciət edərək onları Aşura mərasimlərinə azyaşlıları aparmamağa çağırıram”.