Son yeniləmə: 15 İyul 2024 07:40
Hulusi Kılıç: Terrorçular qalib gəlsəydilər, ilk işləri Türkiyənin Azərbaycan və digər türk dövlətləri ilə qardaşlıq əlaqələrini pozmaq olacaqdı
BAYRAQDAR MEDİA – “15 iyul 2016-cı ildə baş verənlər, FETÖ-nün dövlət çevrilişinə cəhdi bir, yaxud beş illik hazırlığın nəticəsi deyildi. Bu, uzun illər hazırlanan böyük bir layihənin nəticəsi idi”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, 8 il əvvəl, 2016-cı il iyulun 15-də baş verənlər FETÖ-nün Türkiyədə hakimiyyəti ələ keçirmək üçün əlli illik hazırlığının nəticəsi idi: “Zatən bunu hər kəs, bütün dünya gördü. Yəni bu, ötən müddət ərzində Türkiyənin dövlət qurumlarına, məhkəmə-hüquq sisteminə, orduya, bir sözlə dövlətin bütün orqanlarına sızıb sonra dövləti içəridən ələ keçirməyə çalışan xain bir terror təşkilatının hazırladığı plan idi. Bəlli oldu ki, Fetullah Gülen adlı o xain öz çirkin əməllərini reallaşdırmaq, dövləti, hakimiyyəti ələ keçirmək üçün uzun illər hiyləgərcəsinə hərəkət edib”.
Türkiyənin xarici düşmənlərinin istəklərini yerinə yetirmək üçün meydanda olan FETÖ-nün öz çirkin məqsədlərinə çatmaq üçün uzun illər dövlət içində təşkilatlandığını deyən diplomat əlavə edib ki, terror təşkilatı bu yolda çoxsaylı cinayətlərə əl atıb: “Məsələn, bu terror təşkilatı öz adamlarını mühüm vəzifələrə təyin etdirməyə nail olmaq üçün hər cür qaranlıq addımlara baş vurub. İmtahan suallarını oğurlayaraq təşkilatın üzvlərinə verməklə onların müxtəlif dövlət qurumlarında, orduda və polis sistemində vəzifələrdə irəli çəkilmələrinə şərait yaradıb. Bütün bu cinayətlərin bir məqsədi olub – hakimiyyəti tamamilə ələ keçirmək. Beləliklə, bu cinayətləri törədən içimizdəki düşmən addım-addım öz məqsədinə çatmaq üçün irəlilədi. Sonda isə 2016-cı il iyulun 15-də bütövlükdə hakimiyyəti ələ keçirməyə cəhd etdi”.
H.Kılıç əlavə edib ki, xarici düşmənlər və onların sifarişini yerinə yetirən terror təşkilatının başbilənləri hər şeyi necə deyərlər zərgər dəqiqliyi ilə hesablamışdı, yalnız bir şeydən başqa: “FETÖ xalqın öz dövlətinə, bayrağına sahib çıxacağını, bu yolda canından belə keçəcəyini, o cümlədən Cümhurbaşqanı – Xalq birliyinin sarsılmazlığını diqqətdən qaçırmışdı. Elə bu da onların ölümcül məğlubiyyətinə səbəb oldu. Yəni FETÖ həmin gecə sakit, amma lazımlı qərarlar verən Sayın Cümhurbaşqanımız Recep Tayyip Erdoğanın və xalqın müqaviməti ilə üzləşdi. Həmin gecə terrorçular Cümhurbaşqanı – Xalq bilriyi ilə qarşılaşdılar. Öz qətiyyətli liderinin çağırışından sonra küçə və meydanlara axışan Türkiyə xalqı terror təşkilatının dövlət çevrilişi cəhdinin qarşısını mətanətlə aldı. Xalqımız öz canı, qanı bahasına dövlətini və qanuni hakimiyyətini qorudu. Bununla da Türkiyə dövləti, Türkiyə Cümhurbaşqanı və xalqı bir daha demokratiyaya sadiqliyini nümayiş etdirdi”.
H.Kılıç qeyd edib ki, həmin gecə FETÖ qalib gəlsəydi, türk dünyasının gələcəyi də sual altında qalacaqdı: “Çünki FETÖ türk dünyasının dirçəlişini istəməyən xarici imperialsitlərin maşası rolunda çıxış edir. O terrorçular qalib gəlsəydilər, ilk işləri Türkiyənin Azərbaycan və digər türk dövlətləri ilə qardaşlıq əlaqələrini pozmaq olacaqdı. Şükürlər olsun ki, onların niyyəti puç oldu”.