Son yeniləmə: 15 İyul 2024 13:14
BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasındakı (MEK) nəşrlər sırasında filologiya elmləri doktoru, ədəbiyyatşünas Vilayət Quliyevin müəllifi olduğu “Atatürk və Əhməd Ağaoğlu” kitabı da yer alır.
Nəşr Mustafa Kamal Atatürkün öndərliyi ilə Qurtuluş Savaşının 100 illiyinə və Əhməd Ağaoğlunun anadan olmasının 150 illiyinə ithaf edilib.
Nəşrdə qeyd edilir: “kitabda yeni Türkiyənin qurucusu M.K.Atatürklə türkçülük fikir axının öncül nümayəndələrindən biri kimi tanınan böyük soydaşımız Əhməd Ağaoğlu arasındakı münasibətlər nəzərdən keçirilir. Kifayət qədər mürəkkəb xarakter daşıyan, bəzən gərgin mübahisə və fikir toqquşmalarına meydan açan bu münasibətlər Qurtuluş Savaşının geniş vüsət aldığı 1921-ci ildən Atatürkün həyatının sonuna qədər davam edib. Əhməd bəy Atatürkün simasında türk millətinin və dövlətinin xilaskarını, Atatürk isə onun şəxsində cümhuriyyətin, laik və demokratik düşüncənin, türk milli idealının ən atəşin tərəfdarlarından birini görmüşdü”.
Kitab tarixçilər, politoloqlar, türkoloqlar, ümumən geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Kitabda “Türk dünyasının iki böyük insanının dostluq hekayəsi”, “Addım-addım Atatürkə doğru”, “Ankaraya – çoxdan gözlənən görüşə”, “Qalmaqallı İzmir gəzisi”, “Axına qarşı “Axın”!” və digər başlıqlarda yazılar var.
Qeyd edək ki, kitabın redaktor və ön sözünün müəllifi akademik Nizami Cəfərovdur.