Press "Enter" to skip to content

“Əsas amalımız insan yetişdirməkdir”

Görüşdən xatirə fotosu

Son yeniləmə: 15 İyul 2024 11:36

İhsan Açık: Dövlətinə, bayrağına, Vətəninə sadiq, bilikli insan

BAYRAQDAR MEDİA – Bəlli olduğu kimi Azərbaycan-Türkiyə Media Platforması çərçivəsində əlaqələrin gücləndirilməsi üçün davamlı addımlar atılır. Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbilirin görəvə başlamasından sonra isə bu addımlar daha da intensivləşib. Məhz bu kontekstdə iyulun 13-də Türkiyənin Azərbaycandakı səfirliyinin və Türkiye Diyanet Vakfının (TDV) təşəbbüsü ilə Azərbaycanın aparıcı media qurumlarını təmsil edən bir qrup jurnalist səhər yeməyi çərçivəsində bir araya gəldilər.

Dr. Alptekin Cihangir İşbilir: 87 gün ərzində olduqca məhsuldar görüşlər keçirilib

Həm də məlumatlandırma və fikir mübadiləsi xarakteri daşıyan səhər yeməyində jurnaistləri salamlayan Dr.  Alptekin Cihangir İşbilir artıq Azərbaycanda fəaliyyətinin 87-ci günündə olduğunu dedi.

Dr.  Alptekin Cihangir İşbilirin Azərbaycandakı fəaliyyətinin 87-ci günü
Dr.  Alptekin Cihangir İşbilirin Azərbaycandakı fəaliyyətinin 87-ci günü

O, qeyd etdi ki, bu 87 gün ərzində olduqca məhsuldar görüşlər keçirib: “İstər ayrı-ayrı media təmsilçiləri ilə baş-başa keçirilən görüşlərdə, istərsə də bəzi media qurumlarında aparılan müzakirələrdə iki qardaş ölkənin əlaqələrinin daha da güclənməsi üçün jurnalistlərin ata biləcəyi addımlarla bağlı maraqlı təkliflər səsləndirilib”.

Jurnalistlərdən ibarət beyin mərkəzi yaradılacaq

“Eyni zamanda, Nadir Azəri qardaşımızın Azərbaycan jurnalistlərindən ibarət beyin mərkəzinin yaradılması təklifi ətrafında da müzakirələr davam edir. Hesab edirəm ki, tez bir zamanda belə bir beyin mərkəzinin yaradılması ümumi işimizin xeyirinə olacaq” deyə müşavir əlavə etdi.

Ən yaxın müddət üçün atılması planlaşdırılan addımlardan bəhs edilib
Ən yaxın müddət üçün atılması planlaşdırılan addımlardan bəhs edilib

Daha sonra ən yaxın müddət üçün atılması planlaşdırılan addımlardan bəhs edən müşavir bildirdi ki, növbəti səhər yeməklərindən birini TV jurnalistləri, digərini isə iqtisadi sahədən yazan media təmsilçiləri ilə keçirəcəklər: “Ümumiyyətlə bu cür görüşlərin daha da intensivləşməsi üçün əlavə təklifləri də müzakirə etməyə hazırıq. Eyni zamanda, bu gün bu gözəl səhər yeməyinə ev sahibliyi edən Türkiyə Səfirliyinin Din Xidmətləri müşaviri İhsan Açık bəyə təşəkkür edirik”.

Media təmsilçilərini müşavirlikdə qonaq etməkdən məmnunluğunu dilə gətirən İhsan Açık Türkiye Diyanet Vakfı (TDV) barədə ətrafı məlumat verdi.

Bəşəriyyətin xidmətində olmağı qarşısına məqsəd qoyan xeyriyyə hərəkatı

Qeyd edildi ki, Türkiye Diyanet Vakfı, “İnsanların ən yaxşısı başqalarına faydalı olandır” devizi ilə bütün bəşəriyyətin xidmətində olmağı qarşısına məqsəd qoyan xeyriyyə hərəkatıdır: “Vəqfin fəaliyyəti İslam sivilizasiyasının bəşəriyyətə hədiyyəsidir”.

İhsan Açık deyir ki, Türkiye Diyanet Vakfı “İnsanların ən yaxşısı başqalarına faydalı olandır” devizi ilə fəaliyyət göstərir
İhsan Açık deyir ki, Türkiye Diyanet Vakfı “İnsanların ən yaxşısı başqalarına faydalı olandır” devizi ilə fəaliyyət göstərir

İhsan Açık “Atalarımız bu müqəddəs əmanəti qoruyub, vəqflər vasitəsilə dinimizə, millətimizə böyük xidmətlər göstəriblər. TDV da bu xeyirxahlıq addımlarının davamı olaraq 1975-ci il martın 13-də təsis edilib” deyə əlavə etdi.

TDV dünyanın149 ölkəsində fəaliyyəti ilə fərqlənir

İ.Açıkın sözlərinə görə, TDV Diyanet İşleri Başkanlığının fəaliyyətlərinə dəstək olmaq, dini xidmətlərini daha geniş kütlələrə çatdırmaq və dini xidmətlərdə iştirak edəcək nəslin yetişdirilməsi məqsədi ilə yaradılmışdır: “Türkiye Diyanet Vakfı, bu gün Türkiyədə 1003 şöbəsi və dünyanın 149 ölkəsində təhsildən tutmuş mədəniyyətə, sosial və xeyriyyə xidmətlərindən tutmuş dini xidmətlərə və beynəlxalq yardım fəaliyyətlərinə qədər geniş sahədə fəaliyyət göstərən böyük vətəndaş cəmiyyəti hərəkatına çevrilmişdir”.

Şəhidlər məscidi önündə xatirə fotosu
Şəhidlər məscidi önündə xatirə fotosu

Müşavir qeyd etdi ki, 1967-ci ildə tikintisinə başlanılan Ankara Kocatepe məscidini tamamlayıb xalqın ixtiyarına verən TDV Türkiyədə 3 min 817 məscid, 2 min 866 Quran kursu, həmçinin 25 ölkədə 100-dən çox məscid və maarifləndirici obyektlər tikdirmişdir: “TDV Türkiyədə və dünyanın 111 ölkəsindən olan gənclərə güclü dini təhsil vermək üçün çalışır. TDV eyni zamanda xeyriyyə qurumu kimi də dünyada şöhrət qazanıb. Dünyanın müxtəlif coğrafiyalarında aclıq, təbii fəlakətlər, müharibə və zorakılığın baş verdiyi böhran bölgələrindəki milyonlarla insana millətimizin yardım əlini uzadan TDV, Ramazanda açdığı iftar süfrələri və Qurban bayramında vəkil vasitəsilə qurban kəsilməsinin təşkili ilə məzlum coğrafiyalara bayram sevinci yaşadır”.

TDV Bakü Türk Liseyinin fəaliyyəti təqdirlə qarşılanır

Görüşdə TDV-nin təhsilə xüsusilə önəm verdiyini vurğulayan İ.Açık bu baxımdan TDV Bakü Türk Liseyinin fəaliyyətinin təqdirlə qarşılandığını dedi: “Bakı Dövlət Universiteti ilə TDV rəsmiləri arasında imzalanmış protokol çərçivəsində Azərbaycan Təhsil Nazirliyinin 03.08.1994-cü il tarixli 502 saylı əmri ilə təhsil fəaliyyətinə başlamış və 30 ildir ki, təhsil fəaliyyətini davam etdirir. TDV Bakı Türk Liseyinin bütün xərcləri 1994-cü ildən TDV tərəfindən qarşılanır”.

TDV Bakü Türk Liseyi hər zaman fərqlənir
TDV Bakü Türk Liseyi hər zaman fərqlənir

Onun sözlərinə görə, 2024/25-ci tədris ilində məktəbdə 6 -11 siniflər üzrə 1061 şagird təhsil alacaq: “Şagirdlərimizin təhsili ilə məşğul olan 134 müəllimimiz var. Məktəb direktoru istisna olmaqla, bütün şagirdlər, müəllimlər və işçilər Azərbaycan vətəndaşlarıdır, tədris dili və proqramı bütünlüklə Azərbaycan milli təhsil proqramıdır. 2001-2024-cü illər ərzində məktəbimizi ümumilikdə 2198, təkcə 2024-cü tədris ilinin sonunda isə 146 şagird bitirib”.

150 məzundan 99-u xarici universitetlərdə təhsil almaq hüququ qazanıb

İ.Açıkın da bildirdiyi kimi TDV Bakı Türk Liseyi həm də təhsil sahəsində mühüm uğurların və rekordların əldə edilməsi ilə məşhurdur: “Məsələn, 2023-cü tədris ilinin sonuna olan məlumata görə, məktəbimizi bitirən 150 şagirdin hamısı ali məktəblərə imtahan verib. Məzunlarımızdan 99 nəfəri (66%) xarici universitetlərdə təhsil almaq hüququ qazanıb ki, onlardan da 42 nəfər tibb fakültəsini, 36 nəfər mühəndislik fakültəsini, 21 nəfər iqtisadiyyat, maliyyə, hüquq və s. fakültələri seçib. 22 məzunumuz YTB təqaüdü ilə təhsil almaq hüququ qazanıb. Bunu xüsusi qürur hissi ilə qeyd edim ki, məzunlarımızdan biri MIT-ə (Massaçusets Texnologiya İnstitutu) qəbul olunub. O, Azərbaycan tarixində MİT-ə (Massaçusets Texnologiya İnstitutu) qəbul olunan ilk qız tələbədir. Bir məzunumuz isə universitet imtahanlarında ölkə birincisi olub”.

TR-YÖS imtahanında dünya rekordu

Lakin bu da son deyil. Belə ki, 2024-cü ildə məktəbdən məzun olan bir şagird TR-YÖS imtahanından (Türkiyə Beynəlxalq Tələbə Qəbulu Sınavı) 500 tam bal toplayaraq dünya birincisi, 1 şagird isə 499 balla dünya ikincisi olub: “Həmçinin 4 məzunumuz universitet imtahanlarında Türkiyə birincisi olub və tarixi rekord əldə edib. Ümumilikdə 2002-2024-cü illərdə məktəbimizi bitirən 39 şagirdimiz universitet imtahanlarında ölkə birincisi olub. 2024-cü ildə şagirdlərimiz Azərbaycan Elm Olimpiadasında 19 qızıl, 26 gümüş və 21 bürünc olmaqla, ümumilikdə 66 medal qazanıblar. Bundan əlavə, şagirdlərimiz beynəlxalq olimpiadalarda (EGMO, FISO, TİO, İJSO, TİMO, ASTRONO-MIYA, KENGURU, EL XAZARDI, JBMO, CEOI və s.) ümumilikdə 109 medal, 31 qızıl, 37 gümüş, 41 bürünc qazanıblar”.

Sonra media təmsilçilərinin suallarını cavablandıran müşavir təhsil sahəsində əldə etdikləri uğurun sirrini də açdı: “Bizim əsas amalımız insan yetişdirməkdir. Dövlətinə, bayrağına, Vətəninə sadiq, bilikli insan. Təhsil sahəsində bütün fəaliyyətimizi də məhz bu istiqamətdə qurmuşuq”.

Xoş söhbət və sual-cavabdan sonra Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edən jurnalistlərin səhər yeməyi xatirə fotosunun çəkilməsi ilə sona çatdı.

Türk Şəhidliyində xatirə fotosu
Türk Şəhidliyində xatirə fotosu
Mission News Theme by Compete Themes.