BAYRAQDAR MEDİA – İctimai-siyasi sektorda olanlar, mediada çalışanlar arasında ABŞ-yə səfər etmişlər az deyil. Onların arasında mən də varam. İlk dəfə bu ölkəyə 1998-ci ildə getmişdim. Özü də tək deyil, hələ o dönəmdə Azərbaycan mediasının iki ağır topları sayılan həmkarlarımla birlikdə. Sözün həqiqi mənasında teleulduz olan Qulu Məhərrəmli və çap mediasının indi də ən seçilən örnəklərindən olan “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidlə düz üç həftə Amerikanı boya-boy gəzmişdik…
İlk təəssüratım belə olmuşdu ki, bu ölkədə hər şey nəhəngdir, möhtəşəmdir. O cümlədən qorxular da nəhəngdir. Bəli, məhz elə. ABŞ-yə sonrakı bir səfərimdə də bunun belə olduğuna şahidlik etmişdim. Qənaətim bu olmuşdu ki, dünyanın taleyini həll edən bu ölkədə insan həyatı heç də güvənli deyil. Yəni heç dəxli olmadan səni yoldan ötənin birisi öldürə bilər…
ABŞ həm də dünyaya səs salmış siyasi qətllərlə diqqət çəkir. Yadımdadır, uzun illər öncə ABŞ Prezidenti Con Kennedinin (1961-1963) öldürülməsini təsvir edən bir kitab oxumuşdum. Ehtimal edilən qatilin adı da yadımdan heç vaxt çıxmır: Li Harvi Osvald. O da yadımdan çıxmır ki, bu şübhəli şəxsin özü də məhv edilmişdi. Beləcə dövrə qapanmışdı və bu günə kimi Con Kennedinin qətlinin arxasında kimin və ya nəyin durduğu ilə bağlı qəti qərar vermək olmur…
Yəni bu ölkədə prezidenti belə öldürə, ölümü sirr pərdəsinə bürüyə bilərlər…
İndi də keçmiş Prezident və hazırda prezidentliyə namizəd Donald Trampa sui-qəsd edildi. Bəxti gətirdi, güllə sadəcə sağ qulağını zədələdi. Və ssenari yenə də eynidir: ona güllə atan 20 yaşlı gənc yerindəcə məhv edildi…
Belədir o möhtəşəm, nəhəng, demokratiya beşiyi olan ABŞ! Sui-qəsdçini dərhal öldürüb məsələni qapadırlar. Qəribədir, deyilmi? Niyə sui-qəsdçini diri tutmağa, diri saxlamağa çalışmır ABŞ hüquq mühafizə sistemi?..
Ümumiyyətlə, niyə Donald Trampa qarşı bu sui-qəsd cəhdi oldu? Və bu qəsdin arxasında ABŞ dərin dövləti dayanırmı? Lap elə dərin dövlət olmasın, ümumiyyətlə dövlət dayanırmı?
Hadisələrin inkişafına baxsaq, elə görünür sanki. Çünki Donald Tramp prezidentliyi dönəmində daha çox içə yönəlik siyasət yürüdürdü. ABŞ-ni dünyadan çəkib öz içindəki problemləri çözməyə, Amerikanı yenidən böyük etməyə çalışırdı. Öz içində, özü üçün. Elə bu da o dərin dövlətin xoşuna gəlmədi, 2020-ci il seçkisində Donaldı uduzdurdular. Yerinə isə sözün həqiqi mənasında beyni qarışmış, yaddaşı belə korşalmış bir qocanı qoydular…
İndi də həmin o qoca – Cozef Bayden prezident kürsüsü uğrunda Donald Trampla yarışır. CNN kanalında çıxdıqları ilk debatda Co özünü o qədər pis duruma saldı ki, Donald ictimai rəydə sıçrayışla irəli çıxdı. Bu da seçkinin taleyini həll edəcək əsas amildir…
Hələ onu da xatırladaq ki, Donald Tramp neçə ildir məhkəmələrdə süründürülür. Amma bata bilmirlər adama. Bəlkə elə buna görə güllə atıldı ona? Məntiq var da, deyilmi? Məhkəmə ilə, seçki ilə yenə bilmirlər, fiziki olaraq məhv etmək istəyirlər…
Ah bu ABŞ demokratiyası! Bəs deyirdilər, bizdə hər şeyi xalqın iradəsi – demokratiya həll edir? Hanı o demokratiya? Niyə bu demokratiya prezidentliyə namizədə güllə atdırır?..
Yuxarıda ABŞ-nin güvənli olmadığı haqqında yazmışdıq. Azərbaycan vətəndaşları bu amili mütləq nəzərə almalıdır. “Xəyallar ölkəsi” kimi təqdim edilən ABŞ doğrudan da nəhəngdir, gücdür, zənginlikdir. Lakin bir o qədər də həyat üçün təhlükəlidir! Bəli, məhz belə! Siz bu ölkədə qısa müddət ərzində hətta varlana da bilərsiniz. Ancaq günün birində “təsadüfi” bir güllədən ölməyəcəyinizə təminat yoxdur…
…Bir ölkədə ki, vətəndaşlar odlu silahı dükandan kartof alarcasına ala bilirsə, orada “təsadüfi” güllədən yayınmaq təbii ki, asan olmayacaq…