BAYRAQDAR MEDİA – “İyulun 11-də Qubadakı “ASAN xidmət” Mərkəzinin Kino klubunda Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, “Çölçü” Milli Mədəni İrsin İnkişafı İctimai Birliyinin sifarişi ilə “Qərbi Azərbaycan tarixin gözü ilə: fotolarda, sənədli filmlərdə, arxivlərdə” layihəsi çərçivəsində çəkilən “Qərbi Azərbaycan: Can yaddaşımız” adlı sənədli filmin təqdimatı keçirilib.
Xəbər BAYRAQDAR MEDİA-ya “Çölçü”dən daxil olub.
Bildirilir ki, filmin təqdimatında Quzey bölgəsində yaşayan Qərbi Azərbaycanlılar, bölgənin ziyalıları və media nümayəndələri iştirak edib. Nümayişdən öncə çıxış edən “Çölçü”nün qurucusu Eltən Törəçi film haqqında bilgi verərək onun çəkilməsində əsas məqsədin “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyası”nın icrasına ictimai dəstəyin verilməsi olduğunu bildirib.
Qeyd edilir ki, filmdə tarixin müxtəlif dönəmlərində yaşadıqları doğma torpaqlardan deportasiya olunan insanların bu sürəcdə üzləşdikləri faciələr, çətinliklər, insanlığa sığmayan hadisələr onların öz dilindən şahid ifadəsi kimi səslənir, təqdim etdikləri foto və arxiv sənədləri tarixi sübutlar kimi yer alır.
Filmdə Qərbi Azərbaycandan olan soydaşlardan başqa deportasiya gerçəklərini bütün dünyaya çatdırmaq uğrunda çalışan ziyalıların – yazar və araşdırmaçı jurnalistlərin, tədqiqatçıların gördükləri işlər də vurğulanır.
İzləyicilərin maraqla qarşıladığı film onlara təsirli anlar yaşadıb.
Xatırladılır ki, filmin çəkilişləri Bakıda, Qərbi Azərbaycandan vaxtilə didərgin düşmüş insanların kompakt yaşadığı Göygöl, Gəncə, Yevlax, Bərdə, Quba, Xaçmaz, Mingəçevir və digər bölgələrdə aparılıb.