BAYRAQDAR MEDİA – İyulun 12-də Səhiyyə Nazirliyinin (SN) təşkilatçılığı ilə nazirliyin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim heyəti tərəfindən Füzuli şəhərində əhali üçün səyyar müayinələr keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Nazirlik tərəfindən davamlı olaraq təşkil olunan tədbirlər zamanı vətəndaşlar arasında müxtəlif tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyalar təşkil edilir. İnstitutun fəaliyyət istiqamətlərinə uyğun olaraq, Füzuli sakinləri arasında nevroloji, artroloji, qastroenteroloji, fizioterapevtik reabilitasiya istiqamətlərində müayinələr keçirilib. Aksiya çərçivəsində Tibbi Bərpa İnstitutunun artroloq, nevroloq, qastroenteroloq, fizioterapevt-reabilitoloq, tibb bacısından ibarət heyət tərəfindən əhaliyə tibbi baxış keçirilib, EMQ müayinələri aparılıb. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub. Orta yaşlı əhalidə onurğa, sinir, dayaq-hərəkət, mədə-bağırsaq, həmçinin ümumi serebrovaskulyar xəstəliklərin aşkar edilməsi, 3-16, 16-65 yaş əhali arasında skolioz və digər vertebrogen problemlərin diaqnostika və bərpası üzrə müayinələr aparılıb”.
Aksiya iştirakçılarına İnstitutun fizioterapevt və reabilitoloqlar tərəfindən medikamentoz terapiya ilə yanaşı, həm təbii, həm də süni fiziki faktorları fərdi olaraq təyin etməklə, sağlamlığın erkən əldə olunmasına köməklik edən profilaktik tövsiyələr verilib. Aksiya zamanı 150-dən artıq vətəndaş müayinələrdən keçirilib.
Qeyd edək ki, SN tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.