Press "Enter" to skip to content

Fikrət Əliyev: Türk Dövlətləri Təşkilatının fəaliyyəti təqdirəlayiqdir

Fikrət Əliyev

BAYRAQDAR MEDİA – “Biz son dövrlər dünyanın aparıcı analitik mərkəzlərinin hesabatlarında, o cümlədən tanınmış politoloq və hərbi şərhçilərin açıqlamasında Üçüncü Dünya müharibəsinin qaçılmaz olduğuna dair fikirlərə rast gəlirik. Özü də bu fikirlər kifayət qədər əsaslandırılmış şəkildə bəyan edilir”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında politoloq Fikrət Əliyev deyib.

Onun sözlərinə görə, bu fikirlər əksər ölkələr tərəfindən narahatlıqla qarşılanır: “Bu narahatlıq isə heç də əsassız deyil. Unutmaq olmaz ki, dünya müharibəsi baş verərkən bunun təsirinə ilk məruz qalan müdafiə baxımdan zəif olan ölkələr olur. Deməli, öz gələcəyini düşünən ölkələr, o cümlədən birlik və ittifaqlar zaman itirmədən qabaqlayıcı addımlar atmalıdırlar”.

F.Əliyev qeyd edib ki, bu baxımdan Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyəti təqdirəlayiqdir: “Bəlli olduğu kimi Azərbaycan və Türkiyənin dövlət başçılarının öncüllüyündə TDT son vaxtlar xüsusilə də fəal addımlar atır. Artıq türk dünyasında aparıcı bir birlik olaraq önə çıxan TDT eyni zamanda qlobal məkanda da aparıcı təşkilat olma yolunda inamla addımlayır. Bunun da kökündə qeyd etdiyim kimi cənab İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın qətiyyəti dayanır. Bu gün cənab İlham Əliyevin “bizim ailəmiz Türk dünyasıdır” çağırışını əldə rəhbər tutan TDT iyulun 6-da daha bir uğura imza atdı”.

F.Əliyev vurğulayıb ki, iyulun 6-da Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü dünya tərəfindən maraqla qarşılanan Qarabağ Bəyannaməsinin qəbulu ilə tarixə düşdü: “31 bənddən ibarət bu Bəyannaməni nəinki TDT-nin, ümumilikdə Türk dünyasının yaxın gələcək üçün “Yol xəritəsi” adlandırmaq olar. Bu Bəyannamənin əhəmiyyətini artıran daha bir vacib məqam isə sənədin girişində əks olunan “Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışlarının türk dövlətlərinin vahid güc kimi çıxış etməsini tələb etdiyini və qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlərlə bağlı mütəmadi məsləhətləşmələrin aparılmasının zəruriliyini etiraf edərək” sözləri və ”24-cü bəndlə (“Üzv dövlətlərin milli qanunvericiliyinə uyğun olaraq müdafiə sənayesi sahəsində birgə fəaliyyətin davam etdirilməsi niyyətlərini bir daha vurğulayır və bu xüsusda lazımi tədbirlərin görülməsi üçün üzv dövlətlərin aidiyyəti qurumlarına tapşırıq verirlər”) bağlıdır. Hesab edirəm ki, bu, TDT-nin potensial xarici təhlükələrə qarşı vahid mövqedən çıxış etmək əzmini bir daha dünyaya nümayiş etdirdi”.

Mission News Theme by Compete Themes.