Son yeniləmə: 12 İyul 2024 16:29
Dr. Yücel Karauz: Atmalı olduğumuz addımlar çox, vaxtımız isə azdır
BAYRAQDAR MEDİA – Türk Dövlətləri Təşkilatının (TDT) vahid müdafiə qüvvələri, belə deyək ki, “Türk NATO”su yaranmalıdır. Bu zərurətdir və qaçırmaz bir məsələdir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
Bunu yolu “Türk NATO”sunun yaranmasından keçir
Onun sözlərinə görə dünyada baş verən proseslər, xüsusilə də 2024-cü ilin arxada qalan ayları ərzində baş verən toqquşmalar, qarşıdurmalar, həmçinin NATO sammitində səslənən çağırışlar Üçüncü Dünya müharibəsinin olma ehtimalının artıq ən yüksək səviyyəyə qalxdığına işarə edir: “Bu isə ölkələri və dövlətlərin bir araya gəldiyi birlikləri öz təhlükəsizliyini qorumaq üçün addım atmağa sövq edir. Bu baxımdan qlobal bir güc olaraq meydana çıxmağı qarşısına hədəf qoyan Türk Dövlətləri Təşkilatı da öz çətiri altında bir araya gətirdiyi ölkələrin təhlükəsizliyinin təmini məsələsini düşünməlidir. Bu düşünmənin yolu isə dediyimiz kimi “Türk NATO”sunun yaranmasından keçir”.
Görünən odur ki, TDT hazırda dünyada baş verən proseslərdən narahatdır
Dr. Y.Karauz deyib ki, iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü bu baxımdan mühüm bir tədbir kimi tarixə düsdü: “Bu baxımdan ona görə deyirəm ki, Şuşa Zirvəsində qəbul edilən Qarabağ Bəyannaməsində məhz yuxarıda bəhs etdiyimiz məqamlara toxunulur. Bəyannamənin girişində öz əksini tapan “Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışlarının türk dövlətlərinin vahid güc kimi çıxış etməsini tələb etdiyini və qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlərlə bağlı mütəmadi məsləhətləşmələrin aparılmasının zəruriliyini etiraf edərək” sözləri Şuşa Zirvəsinin məhz bu məqam üzərində kökləndiyini nümayiş etdirir. Yəni görünən odur ki, TDT hazırda dünyada baş verən proseslərdən narahatdır. Eyni zamanda narahat olmaqla işini bitmiş hesab etmir və üzv ölkələrin potensial təhlükədən qorunması üçün addımlar atmaqdadır. Bunun da mərkəzində ortaq müdafiə və təhlükəsizlik strategiyasının reallaşdırılması dayana bilər”.
TDT-yə üzv olan bütün ölkələr arasında oxşar Bəyannamələr imzalana bilər
Müsahibimiz deyib ki, bunun üçün ortada nümunə də var: “Mən Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsini nəzərdə tuturam. Hesab edirəm ki, bu nümunə götürülərək tez bir zamanda TDT-yə üzv olan bütün ölkələr arasında oxşar ikitərəfli, ən sonda isə çoxtərəfli Bəyannamələr, sazişlər imzalana bilər. Amma bunu imkan daxilində tez etməliyik. Çünki alov ətrafımızı bürüyüb və o alovun bizi, yəni türk dünyasını bürüməməsi üçün önləyici tədbirlər görməliyik”.
Açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyevin “Bizim ailəmiz türk dünyasıdır” kəlamını xatırladan Dr. Y.Karauz vurğulayıb ki, TDT bu ailəni qorumaq üçün lazım olan bütün addımları atmalıdır: “Vaxt itirmədən hərəkətə keçməliyik. Biz 300 milyonluq türk dünyası ailəsini gələcək təhlükələrdən qorumaq üçün bu gün addımlar atmalıyıq. Bəlkə də əslində bu addımları çoxdan atmalı idik. Bir az da gecikmişik. Bu baxımdan hesab edirəm ki türk ailəsinin qorunması üçün də vahid türk ordusuna ehtiyac var”.
Bunun adı Müştərək Təhlükəsizlik Qüvvələri Mərkəzi ola bilər
Dr. Y.Karauz əlavə edib ki, indiyə kimi bu məsələnin öz həllinin tapmaması iki səbəblə əlaqədardır: “Birincisi, hazırda TDT-yə üzv olan bəzi ölkələr digər hərbi birliklərin üzvüdürlər. İkincisi isə, bəzi ölkələrə də TDT daxilində formalaşacaq hərbi birliyə qoşulmağa tərəddüd edirlər. Lakin hesab edirəm ki, bundan da çıxış yolu var. İlkin olaraq Türkiyədə, yaxud da Azərbaycanda TDT-nin müdafiə qüvvələrinin hazırlanması üzrə mərkəzi qərargahı yaradıla bilər. Bunun adı Müştərək Təhlükəsizlik Qüvvələri Mərkəzi ola bilər. Bura TDT-yə üzv hər bir ölkədən aparıcı hərbi ekspertlər, alimlər, hərbi-elmi mərkəzlərin təmsilçiləri, həmçinin istefada olan hərbçilər daxil ola bilər. Bu mərkəzdə yaxin beş il üçün konsepsiya hazırlanar və birgə addımlar müəyyən edilər. Həmçinin hər bir üzv ölkənin ata biləcəyi addımlara dair ümumi razılaşdırma ortaya qoyula bilər. Bir sözlə, atmalı olduğumuz addımlar çox, vaxtımız isə azdır. Odur ki, bir an öncə hərəkətə keçməliyik”.