Son yeniləmə: 11 İyul 2024 11:33
BAYRAQDAR MEDİA – İyulun 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 55 illiyinə həsr olunmuş “Müstəqillik yollarında: Heydər Əliyevdən İlham Əliyevə” adlı lektoriya keçirilib.
Öncə lektoriyada AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqda milli düşüncə, azadlıq hissi, milli-mənəvi özünüdərk düşüncəsi yaratmağı haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. O, bildirib ki, H.Əliyev Sovet rejiminin sərt dövrlərində fəaliyyət göstərməsinə baxmayaraq xalqını gələcək dövlət müstəqilliyinə hazırlayıb. AMEA prezidenti H.Əliyevin gördüyü işlərdən bəhs edərkən onu da vurğulayıb ki, Ümummilli Liderin Ziya Bünyadovun “Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər)” monoqrafiyasına Dövlət mükafatı vermək, Bəxtiyar Vahabzadəni “Gülüstan” poemasına görə həbs cəzasından xilas etmək, onun toxunulmazlığını təmin etmək və digər gördüyü işlər azadlıq, vətəndaşlıq, dövlət müstəqilliyi düşüncəsinə dövlət səviyyəsində verilən dəstəyi idi. İ.Həbibbəyli əlavə edib ki, o cümlədən H.Əliyev tərəfindən Anara, Elçinə və digər yeni təfəkkürlə gələn insanlara yol açmaq, onları təltif etmək Azərbaycanda bütün nəsilləri gələcək dövlət müstəqilliyinə hazırlamaq məqsədi daşıyırdı. Akademik bildirib ki, bütün gördüyü işlərə görə Ulu Öndər Sovet İttifaqının tərkibinə daxil olan 15 respublika içərisində birinci yerdə idi. AMEA rəhbəri çıxışı zamanı müasir dövrdə H.Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi haqqında da söhbət açıb.
Lektoriya zamanı MEK-in direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru, Dos. Hüseyn Hüseynov çıxışında vurğulayıb ki, Azərbaycanda elə bir sahə yoxdur ki, Ümummilli Lider ona qayğısını əsirgəməsin. Direktor əlavə edib ki, kitabxanalar da Ulu Öndərin hər zaman diqqətində olan elm ocaqları olub. O, bildirib ki, H.Əliyev ilk hakimiyyətə gəldiyi dövrdə məhz 1960-cı illərdə ləğv edilən kitabxanaların bir çoxu bərpasını tapdı. Bundan əlavə, H.Hüseynov H.Əliyevin bütün sahələrə göstərdiyi qayğıdan danışarkən qeyd edib ki, AMEA da heç zaman bu qayğıdan kənara qalmayıb. Direktor həmçinin keçmiş SSRİ ölkələri arasında ilk dəfə AMEA-da Ulu Öndərin sayəsində mərkəzləşdirilmiş kitabxana yaradıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, bu sahədə görülən işlər sırasında 1973-cü ildə Mirzə Fətəli Axundov adına Milli Kitabxananın Ulu Öndərin birbaşa tapşırığı ilə 50 illik yubileyinin keçirilməsini qeyd edib və bildirib ki, bu, H.Əliyevin kitabxana sahəsinə böyük dəyərinin bariz nümunəsidir. H.Hüseynov 1996-cı ildə Nazirlər Kabinetinin “Kitabxana işi haqqında” qərarında Ulu Öndərin təşəbbüsü ilə kitabxanaların özəlləşdirilməyə qadağan olunmuş obyektlər siyahısına salındığını və bundan sonra kitabxanaların daha çox inkişaf etməyə başladığını, eləcə də 1998-ci ildə “Kitabxana işi haqqında” Qanunun qəbulunun bütün kitabxanaçılara, kitaba və kitabxanalara Ümummilli Liderin böyük qiymətinin nümunəsi olduğunu vurğulayıb.
Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov H.Əliyev şəxsiyyətinin ucalığından söz açaraq onun Azərbaycanda bütün sahələrə diqqətindən, qayğısından bəhs ediblər.