BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) yer alan nəşrlər sırasında türkoloq, publisist Bəxtiyar Tuncayın “Qafqaz albanlarının dili və ədəbiyyatı” kitabı da var.
Kitaba tarix elmləri doktoru millət vəkili, Prof. Fəzail Ağamalı yazdığı ön sözdə deyir: “Bəxtiyar Tuncay yanıma gəlib bildirəndə ki, Avropanın bir çox ölkələrinin kitabxana və əlyazma fondlarında çox sayda alban ədəbiyyatı nümunəsi qorunmaqdadır, onlar alban dilində, daha dəqiq desək, qarqar – qıpçaq türkcəsindədir, ermənilər onları müxtəlif dillərə tərcümə edərək, qədim erməni abidələri kimi təqdim edirlər və bu əsərlərin içərisində XII əsrin məşhur alban ilahiyyatçı, tarixçi və hüquqşünası Mxitar Qoşun “Törə bitiki” əsəri də var, doğrusu, çox heyrət etdim. Əgər bu sözləri mənə söyləyən adamı tanımasaydım və qələminə bələd olmasaydım, yəqin ki, inanmaz və əhəmiyyət verməzdim. Fəqət Bəxtiyar Tuncayın ciddi tədqiqatçı olduğunu və boş söz söyləməyəcəyini bilirdim. Odur ki, həmin materialların əldə edilməsi istiqamətində ona yardım etməyə qərar verdim. Bu kitab Azərbaycan tarixşünaslığına, dilçiliyinə və ədəbiyyatşünaslığına, ən əsası isə türkologiya və albanşünaslığa böyük bir töhfə olacaq”.
Qeyd edək ki, 2010-cu ildə Qanun nəşriyyatında çap olunmuş kitabın məsləhətçisi yazıçı-publisist Yunus Oğuz, redaktorları Elman Cəfərli, Mirəli Mirsucayev, korrektoru isə Züleyxa Şahverdizadədir.
Nəşrdə qeyd edilir ki, müəllif kitabın nəşriyyat xərclərini öz üzərinə götürdüyü üçün türkçülüyə xidməti hər şeydən üstün tutan Vahid Haşımova sonsuz təşəkkür və minnətdarlığını bildirir.