BAYRAQDAR MEDİA – Ali təhsil sahəsi üzrə dünyanın aparıcı tədqiqat və reytinq siyahılarını təqdim edən “QS Quacquarelli Symonds” təşkilatı Avropanın ən yaxşı universitetlərinin reytinqini açıqlayıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “sözügedən siyahıda təmsil olunan 9 Azərbaycan universitetindən 7-nin mövqeyində ötən ilə nisbətən irəliləmə müşahidə edilib. Sumqayıt Dövlət Universiteti (SDU) isə ilk dəfə “Avropanın ən yaxşı universitetlərinin reytinq siyahısı”na daxil olub. Reytinqdə təmsil olunan bütün Azərbaycan universitetlərinin “Akademik nüfuz” və “İşəgötürənlər arasında nüfuz” göstəriciləri yaxşılaşıb. Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Akademik nüfuz” indikatoru üzrə Avropanın 200 ən yaxşı universiteti siyahısına, “Müəllim-tələbə nisbəti” indikatoru üzrə BDU və SDU Avropanın 100 ən yaxşı universiteti siyahısına daxil olub”.
Daha sonra xəbərdə, ““Məşğulluq nəticələri” indikatoru da Azərbaycan universitetlərinin yüksək nəticələr əldə etdiyi istiqamətlərdən biridir. “Məzunların məşğulluğu” göstəricisi üzrə BDU, “İşəgötürənlər arasında nüfuz” indikatoru üzrə isə UNEC ölkədə 1-ci yerdədir. Ali təhsil müəssisələrinin elmi-tədqiqat fəaliyyətinin qiymətləndirilməsi zamanı istifadə olunan “Beynəlxalq elmi əməkdaşlıq” indeksi üzrə BDU Azərbaycan universitetləri arasında ən yüksək göstəriciyə malikdir. Xəzər Universiteti (XU) isə “Məqalə üzrə istinad sayı” indikatoru üzrə Avropanın 20 ən yaxşı universiteti arasındadır. “Dayanıqlı inkişaf məqsədləri sahəsində nailiyyətlər” indikatoru üzrə UNEC ölkədə ən yüksək mövqeni tutur”.
Qeyd edək ki, “Avropanın ən yaxşı universitetlərinin reytinq siyahısı”nda Cənubi Qafqaz regionu üzrə Azərbaycan ən çox sayda universitetlə təmsil olunur.