Son yeniləmə: 10 İyul 2024 23:45
BAYRAQDAR MEDİA – Bakı Dövlət Universitetində (BDU) vergi hüququ ixtisası üzrə magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərlinin sədrliyi ilə keçirilən müdafiə prosesində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev, komissiya üzvləri, professor və müəllim heyəti, məzunlar iştirak ediblər.
Bu barədə BAYRAQDAR MEDİA-ya iyulun 10-da DVX-dən məlumat verilib.
Bildirilib ki, “tədbirin açılışında çıxış edən DVX-nin rəisi Orxan Nəzərli BDU-nun Azərbaycanda təhsil ənənələrinin tərəqqisində, elmin inkişafında, əmək bazarının yüksək səviyyəli kadrlarla təmin edilməsində böyük rolu olduğunu deyib. Qlobal çağırışların əmək bazarına təsiri, kadr ehtiyatlarına verilən tələblərin sürətlə dəyişməsi, insan resurslarının inkişafında transformasiyaları qeyd edən DVX rəisi BDU ilə əməkdaşlıq çərçivəsində vergi hüququ ixtisası üzrə magistraturanın yaradılmasını xüsusi vurğulayıb”. Bildirilib ki, vergi hüququ sahəsinə tələbat böyükdür və bu layihə sözügedən sahənin kadr təminatına öz töhfəsini verəcək: “Ölkəmizin tarixində ilk dəfə olaraq 2022/2023-cü tədris ilində bilavasitə vergi hüququ ixtisası üzrə mütəxəssis hazırlığı həyata keçirilib. O.Nəzərli magistrantları təbrik edib, onlara elmi fəaliyyətlərində nailiyyətlər arzulayıb. Tədbirin açılışından sonra rəsmilər buraxılış işlərinin müdafiəsini izləyib, məzunlara təklif və tövsiyələrini çatdırıblar”.
Qeyd edək ki, DVX və BDU arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən Tədbirlər Planın tərkib hissəsi olaraq, 2022-ci ildə ölkəmizin əmək bazarı üçün vergi sahəsi üzrə yüksək ixtisaslı mütəxəssis hazırlığının həyata keçirilməsinə nail olmaq məqsədilə BDU-da vergi hüququ ixtisası üzrə magistraturanın yaradılması təşəbbüsü qaldırılıb. Aparılan birgə müzakirələrin nəticəsi olaraq,Nazirlər Kabinetinin 2 iyun 2022-ci il tarixli sərəncamı ilə 2022/2023-cü tədris ili üçün tələbə qəbulu təsdiq edilmiş ali təhsil müəssisələrinin ixtisaslarına Bakı Dövlət Universitetində magistratura pilləsi üzrə vergi hüququ ixtisası əlavə olunub. Ölkəmizin tarixində ilk dəfə olaraq, 2022/2023-cü tədris ilində bilavasitə vergi hüququ ixtisası üzrə mütəxəssis hazırlığına başlanılıb, 2023/2024-cü tədris ilində BDU-nun vergi hüququ ixtisasına 10 nəfərin qəbulu həyata keçirilib.
DVX və BDU arasında aparılan müzakirələrin nəticəsi olaraq, əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Tədbirlər Planının növbəti mərhələsinin həyata keçirilməsi qərara alınıb.