BAYRAQDAR MEDİA – Bakı Dövlət Universiteti (BDU) Elmi Şurasının 2023/2024-cü tədris ilinin son iclasında ətraf mühitin mühafizəsi əleyhinə törədilmiş qeyri-qanuni əməllərin araşdırılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması, toplanmış bilik və məlumatların paylaşılması, öz səlahiyyətləri daxilində funksiyalarını daha operativ və səmərəli icra etmək üçün ECOLEAD Klinikasının yaradılması barədə qərar qəbul olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “2024-cü il 24 iyun tarixində Xankəndi şəhərində Baş Prokurorluğun təşkilatçılığı ilə “Ətraf mühitin gücləndirilməsində maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu” mövzusunda elmi-praktik konfrans çərçivəsində Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və BDU arasında ECOLEAD layihəsinə dair anlaşma memorandumu imzalanıb. Platformanın əsas komponentləri – “ECOLAB”, “Ekoklinik” və “Cərimə Parkı – Təbiətin qisası” ətraf mühit problemlərinin həllinə mühüm töhfə verəcək”.
Sonra xəbərdə qeyd olunur ki, “ECOLEAD platforması xüsusi ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında münaqişədən sonrakı ekoloji problemlərin həllində peşəkarların birgə işləməsi üçün əməkdaşlıq məkanı kimi xidmət edəcək. BDU-da ECOLEAD Klinikasının yaradılması tapşırıqların səmərəli icrası, ekoloji problemlərin vaxtında həlli üçün vacibdir. Klinika ekoloji pozuntuların aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı tapşırıqların operativ icrasını təmin edəcək”.