BAYRAQDAR MEDİA – Yay mövsümü nə qədər xoş istirahətlərlə xatırlansa da, həm də təbiət ərazilərinin tullantılarla çirkləndirilməsi ilə yadda qalır. Təəssüf ki, meşələr, çay kənarları, dəniz sahilləri məhz istirahətə gələnlərin atdığı tullantılarla çirkləndirilir və həmin ərazilərdə xoşagəlməz mənzərə yaranır.
Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, ““hər kəsi ətrafa tullantı atmamağa sövq etmək, ərazilərin təmizliyinə hər kəsin məsul olması öhdəliyini çatdırmaq məqsədi ilə “Təmiz ölkəm” devizi altında hər həftə sonu keçirilən təmizlik aksiyalarının əhatə dairəsini genişləndirdik. Artıq hər həftənin 4-cü və 6-cı günləri bütün ölkə ərazisinin çay vadilərini, meşə ərazilərini və dəniz sahillərini əhatə edəcək Ümumrespublika Təmizlik Marafonuna başlanılır”. Bunu ETSN-nin mətbuat katibi İradə İbrahimova bildirib. İ.İbrahimova qeyd edib ki, bir neçə ildir davamlı olaraq keçirilən və bütün ölkə ərazisini əhatə edən təmizlik aksiyaları artıq cəmiyyətin müəyyən bir təbəqəsində məsuliyyət ənənəsi formalaşdırıb””.
Mətbuat katibi bildirib ki, davamlı təmizlik aksiyaları vətəndaşlarda cavabdehlik məsuliyyəti formalaşdırır, tullantılarla çirkləndirilmiş yerlərə görə hansısa qurumun deyil, hər kəsin məsuliyyətinin olduğunu başa düşməyə şərait yaradır. İ.İbrahimova insanları xoşagəlməz və utandırıcı mənzərələrlə qarşılaşmamaq üçün bir olmağa, tullantıları hara gəldi atmamağa və ətraf mühitin təmizliyinə birgə müvəffəq olmağa çağırıb.