BAYRAQDAR MEDİA – İyulun 9-da Azərbaycan Dövlət Kukla Teatrında (ADKT) Əməkdar artist, bəstəkar və ifaçı Elza Seyidcahanın 55 illiyinə həsr olunmuş “Elza və kuklalar” adlı tədbir keçirilib.
Tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı, Xalq artisti Məmmədsəfa Qasımov, Əməkdar artist Firuzə İbadova, Kukla Teatrının direktoru Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə, “Oyuq” və “Küllücə” teatr-studiyalarının, “Oyun” müstəqil inklüziv teatrının rəhbəri, yazıçı Səidə Haqverdiyeva və digər çıxışçılar bəstəkarın yaradıcılığı haqqında söz açıblar. Çıxış edənlər səbəbkarın ünvanına xoş sözlər söyləyib, ona yaradıcılıq uğurları arzu ediblər. Qeyd edilib ki, zaman gələcək bəstəkarın qələmə aldığı şeirlər öz fərqli məzmunu ilə ona daha böyük şöhrət gətirəcək.
Sonra çıxış edən E.Seyidcahan tədbirə görə Kukla Teatrının rəhbərliyinə və hər kəsə təşəkkürünü bildirib.
Tədbirdə “Oyuq” Sənət Məktəbi yetirmələrinin ifasında solo və xor nömrələri kimi təqdim olunub.
Tədbir zamanı Mikayıl Müşfiqin yazdığı “Şəngülüm, Şüngülüm və Məngülüm” adlı kiçik poema əsasında hazırlanan tamaşa yeni səhnələşdirmədə “Şəngülüm, Məngülüm” kimi (2017) təqdim olunub. Qeyd edək ki, Teatrın baş rejissoru Anar Məmmədovun quruluş verdiyi tamaşanın quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist E.Seyidcahandır. Ümumilikdə 12 mahnının yer aldığı tamaşanın ifaçısı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının (ADAMT) aktrisası Ülviyyə Əliyevadır.