BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibəti ilə elektron məlumat bazası yaradılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə bildirilir ki, “Elektron məlumat bazası “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Prezidentin 2024-cü il 25 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində, AMEA-nın Tədbirlər planına əsasən, “Füzuli günləri” layihəsi çərçivəsində hazırlanıb. Bazada Azərbaycanın klassik irsinə, ədəbiyyatına və onun nümayəndələrinə böyük diqqət və qayğı göstərən Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə böyük şair M.Füzulinin İraqda qəbrinin qorunması və məqbərəsinin tikilməsi ilə bağlı işlər görməsi, beynəlxalq danışıqlar aparması, məsələni hər zaman diqqətdə saxlaması əksini tapıb. Dahi şəxsiyyətin yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda olan mürəkkəb ictimai-tarixi dövrə təsadüf etməyinə baxmayaraq böyük mütəfəkkirin 500 illik yubileyinin keçirilməsi haqqında Fərman imzalandığı qeyd edilərək fotoşəkillər əlavə olunub”.
Sonra xəbərdə, “həmçinin məlumat bazasına M.Füzulinin həyat və yaradıcılığı haqqında məlumatlar, vəfatının 400 illiyinə ithaf olunmuş film (rejissor Niyazi Bədəlov), Füzuli lirik fəlsəfi ideyasının yüksək emosional tonda təcəssümünü tapdığı “Füzuli kantatası” (bəstəkar Cahangir Cahangirov), “Leyli və Məcnun” faciəsinin motivləri əsasında Üzeyir Hacıbəyovun 1907-ci ildə yazdığı Azərbaycan və Şərqin ilk operası olan “Leyli və Məcnun” operasının afişi (1908), tədavülə buraxılmış 500-cü yubiley pul nişanı, poçt markası və adını daşıyan heykəlin fotoşəkilləri və s. daxil edilib” deyə qeyd edilir.
Xəbərdə həmçinin deyilir ki, “əsərlərini üç dildə – Azərbaycan, ərəb və fars dillərində qələmə alan M.Füzulinin “Hədiqətüs-süəda”, “Bəngü-Badə”, “Söhbətül-əsmar”, eləcə də 302 qəzəl və rübailərindən ibarət və Azərbaycan dilində ən uzun əsəri olan “Divan”ı, o cümlədən farsca yazdığı 327 beytdən və yeddi hissəli ibarət “Həft cam” məsnəvisi, “Rindu-zahid” adlı nəsr əsəri, ərəbcə yazdığı “Mətləül-etiqad” fəlsəfi-teoloji traktatının və Füzuli yaradıcılığının ayrı-ayrı məsələlərini, istiqamətlərini və motivlərini sistemli şəkildə tədqiq edən elmi əsərlər bazada yer alıb. Bunlardan “Məhəmməd Füzulinin üslubu və poetik dili” (Musa Adilov), “Füzuli” (Həmid Araslı), “Məhəmməd Füzuli qəzəllərinin irfani şərhi” (Əsgər Şahi), “Azərbaycan füzulişünaslığının təşəkkülü” (Gülşən Əliyeva), Klassik Azərbaycan Ədəbiyyatı seriyasından “Məhəmməd Füzuli əsərləri”, “Füzuli xəlqiliyi” (Ayaz Vəfalı), “Füzuliyə təxmislər” (Həkim Qəni), “Füzulidən Vaqifə qədər” (Nizami Cəfərov), “Məhəmməd Füzulinin Azərbaycan türk Divanı leksikası” (Sevinc Əliyeva (Ağayeva)), “Nur çeşməsi” (Əli Əsğər Şerdust), “Füzulinin farsca divanı linqvo-poetik özəlliklər” (Şəfəq Əlibəyli), Məhəmməd Füzuli Seçilmiş əsərləri I, II, III cild, “Leyli Məcnun” (rus, türk, ərəb, fars və b. dillərdə), “Газели Физули в азербайджанской музыке” (Lalə Kazımova), “Физули: караван поэтических жемчужин” (Həsən Quliyev), “Fuzuli muhiti, hayatı ve şahsiyeti” (Abdülkadir Karahan), “Hadikatüs Süeda” (Şeyma Güngör), “Canını Cananına fəda edən Ozan” (Gülağ Öz – Hayrettin İvgin), “Füzuli ve türkçe divanından seçmeler” (Hasibe Mazıoğlu), “Fuzuli” (Cemil Yener) və başqa dəyərli nəşrləri qeyd etmək olar”.
Bildirək ki, elektron məlumat bazasına daxil olan nəşrlər elektronlaşdırılıb. Elektron kitablar müxtəlif elektron məlumat daşıyıcılarının, o cümlədən smartfonlarda, tabletlərdə, kompüterlərin yaddaşında saxlanıla və ya birbaşa açılaraq oxuna bilər.
MEK-in Sərgi salonunda “Məhəmməd Füzuli – 530” adlı ənənəvi sərgi də təşkil edilib. Sərgi ilboyu davam edəcək.