Son yeniləmə: 10 İyul 2024 09:16
BAYRAQDAR MEDİA – İranı idarə edən rejim Qaşqayyurdda yaşayan, qaşqay türklərinin fəallarından olan Fazil Vəzirini prokurorluğa çağırıb.
Xəbəri iyulun 10-da Güney Azərbaycan Demokratik Türk Birliyi yayıb.
Bildirilir ki, “ədliyyə sisteminin e-poçtu vasitəsilə göndərilən çağırış vərəqəsində Fazil Vəziridən 5 gün ərzində barəsində irəli sürülən ittihamlara cavab vermək üçün Şiraz şəhərinin Ümumi və İnqilab Prokurorluğunun 14-cü şöbəsinə getməsi istənilib”.
Qeyd edilir ki, “İranın ETTELAAT qüvvələri Fazil Vəzirini 6 may 2024-cü ildə Şirazda həbs edərək təhlükəsizlik təcridxanasına aparıb, 5 gün dindirdikdən sonra Adilabad həbsxanasına köçürüblər”.
Fazil Vəziri “hakimiyyətə müxalif qruplara dəstək və əməkdaşlıqda, toplaşmaq və əlbir olmaqla ölkənin daxili və xarici təhlükəsizliyinə zərbə vurmaqda, ictimai rəyi çaşdırmaq məqsədilə yalan məlumat yaymaq”da günahlandırılır.
O dəfə qaşqay fəal 34 gün saxlanıldıqdan sonra 1 milyard tümən girov qarşılığında sərbəst buraxılıb.