BAYRAQDAR MEDİA – Unutmayaq, Azərbaycan dünyəvi dövlətdir. Burada əsas qanun Konstitusiyadır. Yəni bütün həyatımızın ana qanunu budur. O cümlədən də insanların dini azadlıq – mənəvi-ruhani yaşamı da bu ana qanun çərçivəsində olmalıdır.
…Hazırda Azərbaycan da İslam aləminin bir parçası olaraq məhərrəmlik ayını yaşayır. Əlbəttə, xalqın hamısı bu ayın tələb və qaydaları çərçivəsində davranmır, davranmağa da borclu deyil. Dedik axı, biz dünyəvi dövlətdə yaşayırıq.
…Dünyəvi dövlətsə o deməkdir ki, burada hər kəs bir-birinin mənəvi-ruhani seçimlərinə hörmətlə yanaşmalıdır. O mənada ki, heç kim başqa bir kimsəni dini seçimlərinə görə qınamamalı, nəyəsə məcbur etməməlidir.
…Kimlərsə məhərrəmlik yası tutur, imam üçün ehsan verir? Versin. Buna qarışmayaq. Hətta hörmətlə yanaşaq.
…Paralel olaraq məhərrəmlik yası tutanlar da başqa vətəndaşların seçimlərinə hörmət əlaməti olaraq problem yaratmaqdan çəkinməlidirlər. Yəni yas tutarkən bunu elə çərçivədə etmək lazımdır ki, yas tutmayanlar narahat olmasın.
…Demək istədiyimiz odur ki, bir neçə gün sonra aşura mərasimləri olacaq. Bu mərasimlər Azərbaycanın dünyəvi dövlət görkəminə xələl gətirməməli, vətəndaşların narazılığına səbəb verməməlidir.
…Aşura mərasimini məscidlərdə qeyd edənlər bu ibadət yerlərinin ətrafında yolların tıxanmasına, insanların sərbəst hərəkətinə maneçiliyə səbəbkar olmamalıdır. Yəni mərasimlər sırf məscidlərin daxilində, gərəksiz rituallardan uzaq şəkildə təşkil edilməlidir.
…Aşura və digər məhərrəmlik mərasimlərinə 18 yaşdan aşağı uşaqların cəlb edilməsi isə ümumiyyətlə yol verilən deyil. Hələ şüuru tam formalaşmamış uşaqları 21-ci yüzildə zorla belə mərasimlərə apararaq iştirakçıya çevirmək əsla məqbul sayıla bilməz. Ona görə də Aşura və digər məhərrəmlik mərasimlərinə qatılan böyüklər – ata-analar uşaqlarla bağlı bu xüsusa diqqət yetirməlidir.
…Elə dövlət də məhərrəmlik mərasimlərinin mədəni – 21-ci yüzil insanına yaraşan şəkildə keçirilməsinin qayğısına qalmalıdır. Bu, dövlətin birbaşa borcudur. Dövlətsə hər zaman, hər yerdə üzərinə düşən vəzifəni yerinə yetirməlidir.
…İllərdir müzakirə etdiyimiz məsələlər – baş yarma, qan tökmə kimi hallar əsla yolverilən sayıla bilməz. Əgər kimsə qanını damarından çıxarmaq istəyirsə, bunun üçün çox mədəni və illərdir sınanan yaxşı bir örnək var – qanvermə. Bu yolla daha çox savab qazanmaq olar, nəinki baş yarıb qan tökməklə.
…Dini məsələlərə məsul olan qurumlar da bu mərasimlərdə edilən çıxışlar və oxunan mərsiyələrlə bağlı diqqətli olmalıdır. İmam üçün yas tutduğunu deyən bəzi mollalar kütləvilikdən istifadə edərək insanlar arasında cəhalət yayır, hətta bəzi xarici dövlətlərin təbliğatını aparırlar. Ona görə də o mollalarla əvvəlcədən profilaktik söhbətlər aparıb uyğun təlimatları vermək lazımdır.
Sonda: Demək istədiyimiz odur ki, insanların mənəvi-ruhani seçimlərinə hörmətlə bərabər Azərbaycanın 21-ci yüzil dünyəvi dövləti olduğunu da yaddan çıxarmamalıyıq. Hələ nəzərə alaq ki, noyabrda COP29 kimi çox nəhəng bir qlobal tədbirə ev sahibliyi edirik. Bu mərhələdə dünya insanlarının Azərbaycandan qorxmamasını təmin etməliyik, deyilmi? Ona görə aşura da daxil olmaqla bənzər mərasimlərdə bir qədər təmkinli davranmaqda yarar var…