Son yeniləmə: 10 İyul 2024 11:25
Mürsəl Rüstəmov: 20 illik fəaliyyətimiz dövründə hər iki ölkənin sosial, mədəni və iqtisadi inkişafına dəstək olmağa çalışmışıq
BAYRAQDAR MEDİA – 2024-cü ildə öz fəaliyyəti boyu Türkiyə-Azərbaycan qardaşlığının daha da güclənməsinə xidmət edən Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) 20 yaşı tamam olur.
ATİB sədri Mürsəl Rüstəmovun BAYRAQDAR MEDİA-a müsahibəsində həm ötən 20 ilə nəzər saldıq, həm də yeni planlar barədə danışdıq.
ATİB özündə 90-a yaxın türk və Azərbaycan şirkətini birləşdirir
-Mürsəl müəllim, əvvəla ATİB-in 20 illik fəaliyyəti münasibətilə sizi və sizin timsalınızda bütün ATİB ailəsini təbrik edirik. Bu il ATİB 20 yaşını tamamlayır. Bu 20 ili ümumilikdə necə dəyərləndirərdiniz? ATİB bu 20 ildə haradan haraya gəlib?
-Mən də öz növbəmdə ATİB ailəsi adından təbrikiniz üçün təşəkkür edir, sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Bildiyiniz kimi ATİB 2004-cü ilin aprel ayında 2002-ci ildə təsis edilmiş Türk İş Adamları Dərnəyinin hüquqi varisi kimi fəaliyyətə başlamışdır. İlk dönəmdə 38 üzvü olan ATİB bu gün özündə Azərbaycanda fəaliyyət göstərən doxsana yaxın türk və Azərbaycan şirkətini birləşdirir və bu say günbəgün artmaqdadır. Üzvlərimiz tikinti və inşaat, maliyyə və bankçılıq, İKT və telekommunikasiya, turizm və hotelçilik, kənd təsərrüfatı və qida sənayesi sahələrində təmsil olunurlar. 20 illik fəaliyyətimiz dövründə iki qardaş ölkənin nümayəndələri olan üzvlərimizin bizneslərini ayrı-seçkiliyə yol vermədən, bərabər imkanlar yaradaraq təşviq etmiş, onlarla hökumət və vətəndaş cəmiyyəti arasında körpü olmağa, hər iki ölkənin sosial, mədəni və iqtisadi inkişafına dəstək olmağa çalışmışıq.
Məhz bu güvənli tərəfdaşlığın nəticəsi olaraq xüsusilə, 44 günlük Vətən müharibəsi ərzində və sonrakı dövrdə üzvlərimiz əlahiddə vətən sevgisi və sadaqət nümayiş etdirmişdir. Belə ki, Vətən müharibəsi zamanı ordumuza maddi-texniki, tibbi, geyim və ərzaq dəstəyi təmin edilmiş, böyük Qələbədən sonra ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “Yaşat” Fonduna ianə edilmişdir. Həmçinin Türkiyə Qızıl Aypara Cəmiyyəti ilə birlikdə müalicə alan yaralı əsgərlərimiz zəruri ləvazimatlarla təchiz edilmiş, işğaldan azad edilmiş ərazilərə 26 tır humanitar yardım göndərilmiş, qazilərimiz üçün reabilitasiya vasitələri bağışlanmışdır.
Eyni şəkildə 6 fevral 2023-cü il tarixində Türkiyənin Kahramanmaraş bölgəsində baş vermiş zəlzələ zamanı ATİB qardaşlıq və həmrəylik nümayiş etdirərək “Qardaş Köməyi” Platformasına qoşulmuş və ianə və humanitar yardım kampaniyalarında iştirak etmişdir. Qeyd etdiklərimlə yanaşı ATİB hər iki ölkədə bir sıra digər mədəni və sosial xarakterli layihələrə imza atmışdır.
Türkiyə hazırda Azərbaycanın xarici ticarət əlaqələrində ən ön sıradadır
-Bu 20 il ATİB-in timsalında Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığının tarixində necə yadda qalıb?
-ATİB-in hədəfi iki ölkənin xüsusilə qeyri-neft sektorunda əməkdaşlıq səviyyəsini artıraraq davamlı iqtisadi inkişafı təmin etmək,özümüzdən sonrakı nəsillər üçün daha sağlam və təhlükəsiz gələcək perspektivi reallaşdırmaqdır. Lakin missiyamızı dövlətlərimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi sahəsində fəaliyyət ilə bitmiş hesab etmir, iki qardaş ölkənin ortaq problemlərinin həlli, onların regionda və dünyada nüfuzlarının artırılmasına töhfə verməyi də özümüzə borc bilirik.
Ötən illər ərzində AzərbaycanvəTürkiyə arasındakı iqtisadi əlaqələri yüksələn xətlə inkişaf etmişdir. Belə ki, hər iki ölkə rəhbərliyinin dəstəyi və hökumətlərin həyata keçirdikləri tədbirlər nəticəsində Türkiyə hazırda Azərbaycanın xarici ticarət əlaqələrində ən ön sıradadır.Türkiyə şirkətləri həmçinin Azərbaycanın qeyri-neft sektoruna yatırılan investisiyalar baxımından lider mövqeyini qoruyub saxlayırlar və maraqlıdır ki, hətta qlobal böhranın təsirləri belə Türkiyədən Azərbaycana olan bu axından yan keçmişdir. Bu Azərbaycanın Türkiyə şirkətləri üçün digər region ölkələri ilə müqayisədə daha cəlbedici olduğunu sübut edir və bu tendensiyanın davam edəcəyinə ümid yaradır.
ATİB də öz növbəsində hər iki ölkənin rəhbərlərinin biznes mühitinin təkmilləşdirilməsi, azad sahibkarlığın və iqtisadiyyatın inkişaf etdirilməsi sahəsində yürütdüyü siyasi xətti izləyərək öz üzvləri ilə mütəxəssisləri, dövlət və qeyri-hökumət təşkilatlarını, siyasətçiləri, elm xadimlərini, ictimaiyyətin və biznes dünyasının təmsilçilərini, birsözlə,cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrini bir araya gətirməklə regionun rifahına mane olan problemlərin müəyyən edilməsinə və bu problemlərin aradan qaldırılması üçün həll yollarının işlənib hazırlanmasına vasitəçilik etməyə çalışır.
Bu kontekstdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Türkiyənin Sənaye və Ticarət Nazirliyi, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurası, eləcə də, Türkiyə, Azərbaycan və Kuzey Kıbrısın sahibkarlıq, ticarət, sənaye və s. kimi müxtəlif iqtisadi sahələrdə fəaliyyət göstərən ictimai qurumları və özəl şirkətləri ilə fərqli zamanlarda həyata keçirilmiş görüş, yığıncaq və konfransları, regional və ikitərəfli toplantılarda təmsilçiliyi qeyd etmək olar.
-Siz səhv etmiriksə ATİB-də sayca üçüncü rəhbərsiniz. Bu rəhbərliyin ATİB-in 20 illiyinə təsadüf etməsi hansı məsuliyyət, yaxud hansı vəzifələr yaradır?
-ATİB-in ilk sədri Əhməd Erentok, növbəti sədrlər Fatimə Aslan və Cemal Yangın Azərbaycan və Türkiyə arasında, daha sonra isə Azərbaycan və digər ölkələr arasında iqtisadi, sosial və mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyinə inanaraq bu yolda xeyli əhəmiyyətli işlər görmüşlər. ATİB İdarə heyətinin yeni sədri kimi ATİB-in missiyasına, dəyər və ənənələrinə sadiq qalaraq təşkilatın regional düzənin dəyişmiş və daim dəyişməkdə olan tendensiyalarına uyğun olaraq inkişaf etdirilməsinə, nüfuzunun mühafizə edilməsinə və artırılmasına, üzvlərimizin bizə olan etimadını və güvənini qorumağa çalışacağam.