Son yeniləmə: 9 İyul 2024 09:50
BAYRAQDAR MEDİA – Prezident İlham Əliyevin imzaladığı Qanunla “Məşğulluq haqqında” Qanuna bir sıra dəyişikliklər edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında qeyd edilib.
Bildirilib ki, “dəyişikliyə əsasən kvota öhdəliklərini yerinə yetirən işəgötürənlər kvotadan əlavə iş yerləri üçün də müraciət edə biləcəklər. Kvotadan əlavə iş yerlərinin sayı işəgötürən üçün müəyyən edilmiş kvota miqdarınadək, lakin 15-dən çox ola bilməz”.
Məlumata görə, kvotadan əlavə iş yerlərinə göndəriş verilmiş şəxslərlə 2 ildən az olmayan müddətə bağlanılan əmək müqavilələri üzrə əməkhaqqı işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdiriləcək: “Bu iş yerləri üzrə əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələri tətbiq olunmaqla, əvvəlki il üçün müəyyən olunmuş ölkə üzrə orta aylıq nominal əməkhaqqından çox olmamaq şərti ilə işəgötürənlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan arasında bağlanılan müqavilə əsasında müəyyən ediləcək. Digər dəyişikliyə əsasən məqsədli proqramların icrası müsabiqə yolu ilə seçilən işəgötürənlərin iştirakı ilə həyata keçiriləcək. Müsabiqədə son bir il ərzində fəaliyyətdə olan və müraciət tarixinə Azərbaycan Respublikasında vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olmayan, son bir il ərzində işçilərin sayını azaltmayan və ya iş yerlərini ixtisar etməyən, müvafiq məlumatları vakansiya bankına təqdim edən işəgötürənlər iştirak edə biləcəklər.
Müsabiqədə məqsədli proqramlar üzrə əmək bazarında ən çox tələb olunan peşələr üzrə, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün münasib və dayanıqlı iş yerləri yaradan işəgötürənlərə üstünlük veriləcək”.
Qalib olmuş işəgötürənlə müvafiq məqsədli proqramın istiqamətləri, tərəflərin hüquq və vəzifələri, habelə məsuliyyəti göstərilməklə 3 (üç) illik müddətə müqavilə bağlanılacaq.