Son yeniləmə: 9 İyul 2024 21:59
BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasındakı (MEK) nəşrlərdən biri də Prof. Şəfa Quliyevanın “Liderlik” dərsliyidir.
Nəşr Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi-Metodiki Şura iclasının 10 may 2024-cü il tarixli qərarı ilə çapa tövsiyə edilib.
Kitab “Rəhbərlik kontekstində liderliyin mahiyyəti”, “Hakimiyyət və təsir”, “Liderin emosional intellekti”, “Liderin sistemli təfəkkürü”, “Münaqişələrin idarə edilməsi”, “Müasir çağırışlar və liderlik” və digər başlıqlarda fəsillərə bölünür.
Dərslikdə bildirilir ki, “Liderlik” fənninin tədrisinin əsas məqsədi gələcək mütəxəssislərə liderlik nəzəriyyəsi və praktikası üzrə biliklər vermək və bu biliklərin gələcək peşə fəaliyyətində müvəffəqiyyətli tətbiqi üçün uyğun liderlik keyfiyyətlərinin formalaşdırılması, inkişafı və təkmilləşdirilməsi bacarıqlarının formalaşdırmasından ibarətdir.
Qeyd edək ki, dərsliyin elmi redaktoru Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) “İnzibati idarəetmə və menecment” kafedrasının müdiri, iqtisad elmləri doktoru Prof. Xatirə Hüseynova, rəyçiləri UNEC-in “İqtisadi və texnoloji elmlər” kafedrasının professoru, iqtisad elmləri doktoru Məhiş Əhmədov, UNEC-in “İqtisadi və texnoloji elmlər” kafedrasının professoru, iqtisad elmləri doktoru Ümüdvar Əliyev və ARETN İqtisadiyyat İnstitutunun “İnnovativ iqtisadiyyat və rəqəmsal transformasiya” şöbəsinin baş elmi işçisi, iqtisad elmləri doktoru Sevda Mikayılovadır.