Son yeniləmə: 9 İyul 2024 00:51
BAYRAQDAR MEDİA – DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ABŞ-nin Azərbaycandakı səfirliyinin nümayəndə heyəti ilə görüş keçirib.
DİM-in məlumatına görə, görüşdə ABŞ-nin Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə nümayəndəsi Rendi Kol və təhsil üzrə mütəxəssisi Xanım Teilova, eləcə də DİM-in müvafiq struktur bölmələrinin əməkdaşları iştirak ediblər: “Görüş zamanı M.Abbaszadə rəsmi test mərkəzi kimi DİM-də keçirilən müxtəlif beynəlxalq imtahanlar, onların təşkili prosesi, həmçinin vətəndaşların bu imtahanlara olan marağını nəzərə alaraq DİM-də imtahan yerlərin sayının artırılması istiqamətində görülən işlər barədə danışıb. O, həmçinin elektron imtahanlar korpusunun fəaliyyətə başlamasının bu sahədə atılan önəmli addımlardan biri olduğunu bildirib və beynəlxalq imtahanların vətəndaşlara daha da əlçatan olması yönündəki əhəmiyyətini vurğulayıb”.
Məlumatda qeyd edilib ki, Dövlət İmtahan Mərkəzi və ABŞ-nin Azərbaycandakı səfirliyi arasında uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur: “Tərəflər görüş zamanı ötən illərdə səfirliyin dəstəyi ilə ingilis dili üzrə müəllimlərin peşəkar inkişafı və qiymətləndirmə vasitələrinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş layihələrin nəticələrinə dair müzakirə aparıb, həmçinin yaxın gələcəkdə xarici dilin qiymətləndirilməsi və müxtəlif fənlər üzrə ingilis dilində tapşırıqların hazırlanması, eləcə də müəllim, ekspert və markerlərin peşəkar inkişafı üzrə birgə layihələrin həyata keçirilməsi istiqamətində ilkin razılıq əldə ediblər”.