Son yeniləmə: 8 İyul 2024 08:24
Nadir Azəri: 15 il əvvəl olduğu kimi, bu gün də türk dünyasının qəlbi Azərbaycanda döyünür
BAYRAQDAR MEDİA – “Bu gün sürətlə dəyişən və demək olar ki, hər gün yeni tələblərin ortaya çıxdığı dünyada qlobal çağırışlara cavab vermək həyati əhəmiyyət kəsb edir. Yəni istər ayrı-ayrı dövlətlər, istərsə də hansısa, dini, milli, yaxud hərbi baxımdan təşkil edilən birliklər öz mövcudluqlarını qorumaq üçün önləyici addımlar atmalıdırlar. Bu baxımdan Türk Dövlətləri Təşkilatının son addımlarını, xüsusilə də iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünü xüsusi olaraq qeyd etməliyiq”.
BAYRAQDAR MEDİA xəbər verir ki, bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri deyib.
O, qeyd edib ki, bu Zirvə görüşü 15 il öncə olduğu kimi, bu gün də müasir türk birliyinin daha da güclənməsində Azərbaycanın önəmini bir daha ortaya qoydu: “Mən 15 il öncə deyəndə 2009-cu ildə Naxçıvanda imzalanan sazişi nəzərdə tuturam. Çünki müasir türk birliyinin belə deyək ki, hüquqi əsası 2009-cu il oktyabrın 3-də Naxçıvan Sazişinin imzalanması ilə qoyulub. Məsələ burasındadır ki, hazırda türk dünyası yüksəliş dövrünü yaşayır. Bu məsələdə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin sərgilədikləri qətiyyətli mövqe öz sözünü deyib. Bəlli olduğu kimi 2021-ci il noyabrın 12-də İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VIII Zirvə Görüşündə dünyanın siyasi sistemində önəmli bir platformaya çevrilməkdə olan Türk Şurasının artıq Türk Dövlətləri Təşkilatı (TDT) adı ilə fəaliyyətini davam etdirməsi haqqında qərar qəbul edilib. TDƏŞ isə məhz türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır. Belə demək mümkünsə, TDT-nin “şəxsiyyət vəsiqəsi” İstanbul zirvəsində imzalanıbsa, ona “doğum şəhadətnaməsi” məhz 2009-cu ildə Naxçıvan Zirvəsində verilib. Yəni, TDT daxilində aparıcı rol oynayan ölkələrdən biri kimi Azərbaycan eyni zamanda türk dünyasının birləşməsinin əsasının qoyulmasında da öz möhürünü vurub”.
Nadir Azəri bildirib ki, Naxçıvan sazişi ilə türk dünyasının yeni dövrdə şahlanışına təkan verildisə, Şuşa Zirvəsi ilə TDT-nin qlobal çağırışlara hazırlıq üçün konkret proqrama malik olduğu dünyaya bəyan edildi: “Hər halda Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanan Qarabağ Bəyannaməsini məhz bu cür dəyərləndirə bilərik. Bəyannamənin girişində öz əksini tapan “Geniş Türk dünyasından olan xalqların bir araya gətirilməsində Şuşa şəhərinin mənəvi əhəmiyyətini qəbul edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra Şuşada keçirilən görüşün türk xalqlarının birliyinin, onların sülhə və ədalətə sadiqliyinin bariz təzahürü olduğunu bəyan edərək” sözləri də dediklərimizin bariz təsdiqidir. Eyni zamanda Bəyannamənin 31-ci bəndində öz əksini tapan “TDT-nin Dövlət başçıları Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə Türk dünyasının birliyi, həmrəyliyi, təhlükəsizliyi və rifahına verdiyi böyük və davamlı töhfəsinə, TDT-nin vahid ruhunun gücləndirilməsində qətiyyətli liderliyinə və Şuşada qeyri-rəsmi Zirvə görüşündə uğurla yekunlaşan müzakirələrə sədrlik etdiyinə görə dərin təşəkkür bildirir, Azərbaycan Hökumətinin və xalqının səmimi qonaqpərvərliyini yüksək qiymətləndirirlər” sözləri müasir türk birliyinin formalaşması və daha da güclənməsində Azərbaycanını önəminin bütün dünyaya bəyan edilməsi kimi dəyərlənidirilməlidir. Bir sözlə, 15 il öncə Azərbaycanda, Naxçıvan sazişi ilə şahlanış dövrünə qədəm qoyan türk dünyası 15 il sonra yenə də Azərbaycanda, bu dəfə isə azad Şuşada qəbul edilən Qarabağ Bəyyanaməsi ilə vahid güc olduğunu və aparıcı aktor kimi atacağı addımları bütün dünyaya bəyan etdi”.