BAYRAQDAR MEDİA – Ümumrespublika təmizlik aksiyaları çərçivəsində Ağcabədi, Lerik, Masallı, Bərdə, Quba, Zaqatala, Göygöl və Tovuz rayonlarının meşə fondu ərazilərində iməciliklər keçirilib.
Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə deyilir.
“ETSN-nin, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, yerli kommunal müəssisələr kombinatlarının nümayəndələrinin və sakinlərin iştirakı ilə keçirilən iməciliklər zamanı 2 tondan artıq tullantı yığılaraq ərazilərdən daşınıb. Aksiyaların keçirilməsi təbliğat xarakterlidir, ekoloji şüurun formalaşmasına nail olmaqdır. Eyni zamanda aksiya tullantıları düzgün idarə etmək, onlara nəzarət və təbiəti çirkləndirməmək üçün vətəndaşlara bir çağırışdır.
Təmizlik aksiyalarının keçirilməsində əsas məqsəd məhz ictimaiyyətin diqqətini tullantıların düzgün idarə olunmasına yönəltmək, onları alışılmış vərdişlərdən uzaqlaşdırmaq, bu işlərə daha geniş kütləni cəlb etməklə təbiət ərazilərinin təmizliyinə nail olmaqdır.