Press "Enter" to skip to content

Məişət zorakılığı ilə bağlı mühüm tədbirlər

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – “Hüquqşünas Qadınlar Assosiasiyası” İctimai Birliyinin sədri Xanım Əhmədzadə həyata keçirdikləri layihə haqqında məlumat verərək bildirmişdir ki, ölkəmizdə məişət zorakılığına qarşı mübarizə istiqamətində son zamanlar beynəlxalq və milli qanunvericilik kifayət qədər təkmilləşərək effektiv mexanizmlər yaradılıb.

Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən qurumdan daxil olub.

Xəbərdə qeyd edilir ki, “məişət zorakılığı ilk növbədə insan hüquqlarının təminatına ciddi təhlükə yaradır. Ölkəmizdə hər bir fərdin iqtisadi imkanından, sosial statusundan asılı olmayaraq konstitusion hüquqlarının qorunması üçün bütün imkanlar vardır. Statistika və sorğular onu göstərir ki, dünyanın bir çox ölkələrində zorakılıq və xüsusən də gender əsaslı zorakılıqlar hələ də davam etməkdədir. Bu problem ölkəmizdən də yan ötmədiyi səbəbindən təşkilatımız məişət zorakılığına qarşı mübarizəyə qoşularaq “Məişət zorakılığına məruz qalmış ailələrə hüquqi xidmət” adlı layihəni icra edir”.

Bildirilir ki, “layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir, icra müddəti 3 aydır, həyata keçirildiyi coğrafi ərazilər Neftçala, Lənkəran, Masallı, Cəlilabad və Lerik rayonlarıdır. Məqsədimiz məişət zorakılığına məruz qalmış ailələrə hüquqi və psixoloji dəstək olmaqla məişət zorakılığına qarşı mübarizə ilə bağlı qanunverici aktları və müdafiə mexanizmlərini təbliğ etməkdir. Artıq Neftçala, Lənkəran və Masallı rayonlarında nəzərdə tutulmuş tədbirlərimiz uğurla həyata keçirilib”.

Daha sonra deyilir ki, “Masallı rayonunda keçirilmiş tədbir zamanı layihənin eksperti Kəmalə Muradlı çıxış edərək məişət zorakılığının qarşısının alınması sahəsində əsas prinsiplər, bu barədə şikayətlərin araşdırılması, zərər çəkmiş şəxslərə verilən qısamüddətli və uzunmüddətli mühafizə orderləri barədə geniş məlumat vermişdir. Layihənin psixoloqu Mehin Cəfər iştirakçılara məişət zorakılığına məruz qalanların kəskin psixoloji durumu, yaranan psixoloji travmalar barədə məlumat verərək bildirmişdir ki, zərərçəkmişlərə psixoloji müstəvidə də yardım göstərmək üçün qanunvericilik səviyyəsində kifayət qədər addımlar atılıb. Sırf psixoloji məqamlarla bağlı “Psixoloji Yardım” haqqında Qanunda konkret maddələr var. Məsələn, həmin Qanunun 6-cı maddəsi psixoloji yardımın maliyyələşdirilməsi barədədir. Maddə 6.2.6.-da qeyd olunur ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məişət zorakılığından zərər çəkmiş şəxslərin ödənişsiz psixoloji yardım almaq hüququ vardır”.

“Tədbir zamanı benefisiarların bütün sualları ətraflı cavablandırılıb, onlarla individual görüşlər keçirilib, hüquqi və psixoloji yardıma ehtiyacı olanlara hüquqi, həm də psixoloji xidmət göstərilib. Məişət zorakılığı ilə mübarizə sahəsində həyata keçirilən tədbirlərin effektivliyi cəmiyyətdə mövcud olan hüquqi düşüncədən birbaşa asılı olduğu səbəbindən qanun yaradıcılığı prosesi ilə bərabər hüquqi maarifləndirmə işi də aparılmalıdır”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.