Press "Enter" to skip to content

İlham Əliyevin ekoloji siyasəti ilə bağlı üçcildlik

Təqdimat zamanı

BAYRAQDAR MEDİA – İyulun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, Dos. Sadiq Qurbanovun “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)” adlı 3 cildliyinin təqdimatı keçirilib.

Tədbirdə millət vəkilləri, ictimaiyyət və media nümayəndələri iştirak edib.

Təqdimatda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək ölkə başçısı İlham Əliyevin 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamını xatırladıb bu istiqamətdə görülən işlərdən bəhs edib. Akademik vurğulayıb ki, sözügedən nəşrin müzakirəsi həm AMEA-nın, həm də Milli Məclisin ortaq şəkildə yaşıl dünya istiqamətində COP29 sferası baxımından həyata keçirdiyi əhəmiyyətli tədbirlərdən biridir. İ.Həbibbəyli təqdimatı keçirilən kitabın önəmindən danışaraq nəşrdə əməyi keçənlərə AMEA adından təşəkkür edib.

Tədbir iştirakçılarını Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) adından salamlayan qurumun rəhbəri Muxtar Babayev kitabın “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində oxucu üçün böyük bir töhfə olduğunu bildirib. Nazir iştirakçılara nəşrlə bağlı ətraflı məlumat verib. M.Babayev çıxışı zamanı vurğulayıb ki, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və uğurlu diplomatik fəaliyyəti ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsi, həmçinin qısa müddətdə antiterror əməliyyatları nəticəsində Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi Qarabağda və Şərqi Zəngəzur iqtisadi rayonlarında ekoloji mühitin bərpası işlərinə başlanılıb. Nazir həmçinin ötən il “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilən genişmiqyaslı ekoloji tədbirlərdən bəhs edib. O, çıxışının sonunda təqdimatı keçirilən kitabın ərsəyə gəlməsində zəhməti keçənlərə minnətdarlığını bildirib.

Təqdimatda Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri millət vəkili Hicran Hüseynova, millət vəkili Tahir Mirkişili, AMEA-nın vitse-prezidenti Prof. İradə Hüseynova və digərləri çıxışlarında kitabın önəmindən danışaraq nəşrdə əziyyəti olanlara təşəkkür ediblər.

Bildirək ki, təqdimatı keçirilən “İlham Əliyevin ekoloji siyasəti. Dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)” 3 cildliyində Prezidentin nitqləri, çıxışları, müsahibələri, görüşləri, Fərmanları, Sərəncamları, eləcə də Beynəlxalq Konvensiyalar, Dövlət Proqramları və Milli Strategiyalar və Qanunlar və s. əksini tapıb.

Qeyd edək ki, ekoloji maarifləndirmə məqsədi ilə tərtib edilən nəşrin layihə rəhbəri və baş məsləhətçisi S.Qurbanov, redaktoru U.Ələkbərov, tərtibçiləri Zakir İsmayılov və Səməd Vəkilovdur.

Mission News Theme by Compete Themes.