BAYRAQDAR MEDİA – İyulun 9-da Azərbaycan Dövlət Kukla Teatrında (ADKT) Əməkdar artist, bəstəkar və ifaçı Elza Seyidcahanın 55 illiyinə həsr olunmuş “Elza və kuklalar” adlı tədbir keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “bəstəkarın yubiley görüşündə onun uşaq və yeniyetmələr üçün yazdığı mahnılar səslənəcək. Populyar estrada mahnıları Azərbaycan səhnəsinin tanınan simaları ilə yanaşı, “Oyuq” Sənət Məktəbi yetirmələrinin ifasında solo və xor nömrələri kimi təqdim olunacaq. Yubiley gecəsi E.Seyidcahanın bəstəkarı olduğu “Şəngülüm, Məngülüm” tamaşasının nümayişi ilə bitəcək”.
Xatırladaq ki, Mikayıl Müşfiqin yazdığı “Şəngülüm, Şüngülüm və Məngülüm” adlı kiçik poema əsasında hazırlanan tamaşa yeni səhnələşdirmədə “Şəngülüm, Məngülüm” kimi (2017) təqdim olunub.
Teatrın baş rejissoru Anar Məmmədovun quruluş verdiyi tamaşanın quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist E.Seyidcahandır. Ümumilikdə 12 mahnının yer aldığı tamaşanın ifaçısı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının (ADAMT) aktrisası Ülviyyə Əliyevadır.