Son yeniləmə: 5 İyul 2024 09:16
Ersin Tatar Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçiriləcək qeyri-rəsmi sammitində iştirak edəcək
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Cümhurbaşqanı Ersin Tatar Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçiriləcək qeyri-rəsmi sammitində iştirak etmək üçün Azərbaycana gəlib.
Bu barədə KKTC Cümhurbaşqanlığından məlumat verilib.
Bildirilib ki, “Bakı Heydər Əliyev Hava Limanında Ersin Tatar Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı, KKTC-nin Azərbaycandakı nümayəndəsi Ufuk Arca Turganer, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan hərbi attaşesi, briqada generalı Soner Oruçoğlu qarşılayıblar”.
Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin qonağı kimi sammitdə iştirak edəcək E.Tatar iyulun 5-də Bakıdan Şuşaya gedəcək: “Ersin Tatarı Azərbaycana səfəri zamanı xarici işlər naziri Tahsin Ertuğruloğlu, Cümhurbaşqanının müşaviri Okan Donangil, xüsusi nümayəndə Güneş Onar və xüsusi müşavir Gökhan Güler müşayiət edir”.