BAYRAQDAR MEDİA – “Azərbaycanın həm Türkiyə, həm də Pakistanla ikitərəfli əlaqələri xalqlarımızın qardaşlığına, tarixi və mədəni bağlarına, qarşılıqlı hörmət və etimada əsaslanır. Belə möhkəm təməllərə əsaslanan dövlətlərarası münasibətlərimiz davamlı və hərtərəfli inkişaf, müxtəlif sahələri əhatə edən sıx əməkdaşlıq, qarşılıqlı maraq doğuran məsələlər üzrə beynəlxalq səviyyədə birgə fəaliyyət və dəstəklə səciyyələnib”.
Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yerli medianın sualına cavabında söyləyib.
XİN-in yaydığı məlumata görə, A.Hacızadə “Üç ölkənin parlament sədrləri, xarici işlər nazirləri, Müdafiə nazirlikləri səviyyəsində indiyə qədər bir sıra üçtərəfli görüşlər, tədbirlər və təlimlər keçirilib, əhəmiyyətli məsələlər üzrə razılıqlar əldə edilib və əməkdaşlıq daha da genişlənib. Xüsusilə vurğulamaq lazımdır ki, nümunəvi xarakter daşıyan bu üçtərəfli əməkdaşlıq platformaları beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq, yalnız sülh, təhlükəsizlik sabitlik və tərəqqini təşviq edir”, – deyib.
A.Hacızadə diqqətə çatdırıb ki, Astanada liderlər səviyyəsində keçirilmiş bu görüş üç ölkə arasında münasibətlərin yeni səviyyəyə yüksəlməsi, məhz liderlərin rəhbərliyi ilə üçtərəfli əməkdaşlıq platformasının güclənməsi və müntəzəm şəkildə təşkili, Azərbaycanın, Pakistanın və Türkiyənin strateji tərəfdaşlıq əlaqələrinin yeni istiqamətlərdə genişlənməsinə təkan verəcək.