BAYRAQDAR MEDİA – İyulun 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Azərbaycan dilindən istifadə: uğurlar, problemlər və vəzifələr” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə giriş nitqi ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək qurumun 9 noyabr 2015-ci ildə keçirilmiş 70 illik yubiley mərasimində Prezident İlham Əliyevin tarixi nitqini xatırladıb. Akademik Prezidentin səsləndirdiyi fikirlərdən bəhs edərkən onun Azərbaycan dilinin inkişaf etdirilməsi ilə bağlı dövlət səviyyəsində bir strategiyanı meydana qoyduğunu vurğulayıb. Akademik Azərbaycan dilinin zənginləşdirilməsi istiqamətində AMEA institutlarında icra edilən işlərdən bəhs edib. İ.Həbibbəyli həmçinin Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi haqqında fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Akademik çıxışı zamanı belə tədbirlərin, müzakirələrin önəmindən danışaraq dövlət dilindən istifadə kimi əhəmiyyətli məsələləri geniş ictimaiyyətin müzakirəsinə çıxarmaq təşəbbüsü ilə çıxış etdiyinə görə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafaya, eyni zamanda Mədəniyyət Nazirliyinə dərin təşəkkürünü bildirib.
Ardınca millət vəkili F.Mustafa çıxışı zamanı bildirib ki, dilin bütövlüyü yazılan mətnlərlə bağlıdır. F.Mustafa müasir dövrdə dilin əsas probleminin düşüncə dilinə çevrilmək olduğunu qeyd edib. Millət vəkili bu səpkidəki tədbirlərin davamının olacağını deyib.
Sonra hüquq üzrə fəlsəfə doktoru, mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında ana dilinin hər bir xalqın milli kimliyinin göstəricisi olduğunu qeyd edərək Ulu Öndərin dil məsələsinə hər zaman həssas yanaşdığını, ana dilinin şəffaflığının qorunmasına və inkişafına xüsusi diqqət yetirdiyini vurğulayıb. S.Yusifova müasir dövrdə də Azərbaycan dilinin yenilənmələrə məruz qaldığını, zənginləşdiyini bildirib. O, həmçinin vurğulayıb ki, dil təkcə milli kimlik yox, həm də təhlükəsizlik məsələsidir.
Tədbirdə yazıçı Seyran Səxavət, Monitorinq Mərkəzinin direktoru Prof. Sevinc Əliyeva, Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı, millət vəkili Prof. Nizami Cəfərov, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru Prof. Nadir Məmmədli, millət vəkili Etibar Əliyev, yazıçı Aqşin Yenisey, millət vəkili Prof. Rafael Hüseynov və digərləri mövzu ətrafında fikirlərini bölüşüblər.
Tədbir müzakirələrlə davam edib.