Son yeniləmə: 4 İyul 2024 09:39
BAYRAQDAR MEDİA – “Bu ilin ilk altı ayı ərzində Salyan, Yevlax, Masallı, Quba, Qazax, Qəbələ, İsmayıllı, Saatlı, Samux və Xızı rayonlarında keçirilmiş Aqrar Biznes festivallarında 6756 fermer iştirak edib. Festivallara qatılmış fermerlərin 91,3 faizi kişi, 8,7 faizi qadın fermerlərdir. Festivallar Şirvan-Salyan, Mərkəzi Aran, Lənkəran-Astara, Quba-Xaçmaz, Qazax-Tovuz, Şəki-Zaqatala, Mil-Muğan, Gəncə-Daşkəsən və Abşeron-Xızı iqtisadi rayonlarını əhatə edib. Ümumilikdə tədbirlərə 52 rayon və şəhərdən gəlmiş fermerlər qatılıblar”.
Bu barədə BAYRAQDAR MEDİA-ya iyulun 4-də Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “aqrar sahədə müasir innovativ yeniliklərin nümayiş olunduğu festivallarda ümumilikdə 29 dövlət qurumu və 112 özəl şirkət təmsil olunub. Tədbirlər çərçivəsində 18 şirkət və fərdi sahibkar tərəfindən 3 525 988 manat həcmində satış həyata keçirilib. Şirkətlər tərəfindən əsasən traktorlar, konteyner daşıyan qoşqular, meyvə yığan platformalar, tunel tipli ön soyutma sistemləri, hava ilə soyutma avadanlıqları, fındıq toplayan aqreqatlar, bağ ləvazimatları, toxum, ting, arıçılıq məhsulları, qurudulmuş meyvə satışı gerçəkləşdirilib. Aqrar Biznes Festivallarında fermerlər üçün 18 təlim təşkil olunub. Təlimlərin mövzuları fermerlərin ehtiyacları nəzərə alınaraq müəyyənləşdirilib, Aqrar Təlim Mərkəzi, elmi-tədqiqat institutları və özəl şirkətlərin mütəxəssisləri prosesə təlimçi qismində qatılıblar”.
Məlumata görə, festivallar çərçivəsində fermerlər üçün kredit yarmarkaları təşkil olunub. Kredit yarmarkalarında 13 bank və 1 bank olmayan kredit təşkilatı öz məhsulları barədə fermerlərə məlumat veriblər: “Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar Biznes festivalları iyul ayı ərzində Gədəbəy və Yardımlı rayonlarında keçiriləcək”.