Son yeniləmə: 3 İyul 2024 09:05
BAYRAQDAR MEDİA – Qərbi Azərbaycan İcmasının fəaliyyətinin geniş işıqlandırılması məqsədilə yerli icmaların sosial şəbəkə hesabları yaradılıb.
Bu barədə Qərbi Azərbaycan İcmasında keçirilən yerli rayon icmalarının 2024-cü ilin birinci yarımilliyi üçün hesabat iclasında bildirilib.
Qeyd edilib ki, seçilmiş nümayəndələr, ziyalılar, sadə vətəndaşlar Qərbi Azərbaycan həqiqətləri barədə məlumatların ictimaiyyətə çatdırılması işlərinə fəal qoşulublar: “Qərbi Azərbaycan İcması tərəfindən Qərbi Azərbaycan kökənli şəhidlər haqqında məlumatların toplanılması istiqamətində də böyük işlər görülüb. “Qərbi Azərbaycan şəhidləri” kitabının birinci cildi hazırlanaraq çap üçün mətbəəyə təqdim edilib. Eyni zamanda, Qarakilsə rayon icması tərəfindən “Qarakilsə şəhidləri”, Qafan rayon icması tərəfindən “Qafan şəhidləri”, Mehri rayon icması tərəfindən “Mehri şəhidləri”, Basarkeçər rayon icması tərəfindən “Basarkeçər alimləri”, “Basarkeçər rayonu ərazisində mikrotoponimlər”, “Basarkeçər şəhidləri” adlı kitablar çapa hazırlanır”.
Məlumata görə, Qərbi Azərbaycanın ayrı-ayrı rayon və kənd icmalarının öz təşəbbüsləri ilə bir sıra görüşlər təşkil ediblər: “Bu sırada Karvansaray, Çəmbərək rayonlarının birgə təşkil etdikləri icma üzvlərinin görüşünün, Böyük Qarakilsə rayonunun Arçut kənd orta məktəbinin 100 illiyi, Çəmbərək rayonunun Ağbulaq kənd orta məktəbinin 100 illiyi, Basarkeçər rayon Daşkənd icmasının toplantısı, Amasiya rayonunun Ellərkənd icmasının görüşünü qeyd etmək olar”.
Qeyd olunub ki, ümumilikdə yerli icmalar tərəfindən cari ilin altı ayı ərzində 58 tədbir keçirilib: “Onlardan 1-i fotosərgi (Qarakilsə rayonu, Dəstəgird kəndi), 11-i kitab təqdimatı, 12-si icma görüşü, 34-ü isə digər mövzulara həsr olunmuş digər tədbirlərdir”.