BAYRAQDAR MEDİA – “Beynəlxalq Polietilen Paketdən İmtina Günü” ilə əlaqədar polietilen torbalardan istifadənin azaldılmasına nail olmaq məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə Bakıda fəaliyyət göstərən bir neçə marketdə ekokönüllülər tərəfindən alıcılara ekoçantalar paylanılıb, plastikin təbiətə və insan orqanizminə zərərləri, tullantıların çeşidlənərək təkrar emala göndərilməsinin vacibliyinin əks olunduğu məlumatverici açıqcalar hədiyyə olunub.
Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “eyni zamanda, ictimaiyyətin diqqətini bu günə yönəltmək, ətraf mühitin qorunması üçün cəmiyyətin hər bir üzvünü fəal iştiraka çağırmaq məqsədi ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqına (AKTİ) üzv könüllülərin iştirakı ilə fləşmob keçirilib. Hər kəsin ətraf mühitə təsiri var və hər kəs bu təsiri azalda, polietilen paketlərdən imtina edərək təbiəti qorumağa və daha təmiz bir gələcək yaratmağa kömək edə bilər. Bunun üçün polietilen paketlərdən imtina etmək və ekoloji təmiz alternativlərdən istifadəyə önəm vermək lazımdır”.
Qeyd edək ki, “Beynəlxalq Polietilen Paketdən İmtina Günü”nə diqqəti çəkmək, vətəndaşları tullantıların çeşidlənməsinə, düzgün idarə olunmasına təşviq etmək məqsədi ilə 6 iyul, saat 11:00-13:00 aralığında Sumqayıt şəhəri Dənizkənarı Bulvar (Göyərçin abidəsindən bulvara düşən yol) ərazisində “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək.