BAYRAQDAR MEDİA – Azərbaycanda və Qazaxıstanda süni intellektin inkişafı, təbii dil modellərinin yaradılması sahəsində mövcud vəziyyətə bir daha nəzər saldım.
Elə bu il Qazaxıstanda IrbisGPT – süni intellekt əsaslı ilk Milli Dil Modeli yaradıblar. Platforma qazax dilində olan data və açıq kod əsasında, ictimai əsaslarla formalaşıb.
Bu isə o deməkdir ki, hər istifadəçi bu modelin təkmilləşdirilməsinə töhfə verə biləcək. Məqsəd qazax dilinin texnologiya sahəsinə, rəqəmsallaşma proseslərinə daha dərin inteqrasiyasına nail olmaqdır. Modelin işlənməsi üçün ilkin olaraq açıq mənbələrdə olan 20 Gb datadan istifadə edilib.
Bu ölkədə, həmçinin maşın öyrənməsi sahəsində lider olan Hugging Face ilə əməkdaşlıq çərçivəsində daha bir süni intellekt layihəsinə başlanılıb.
Bu qlobal platforma süni intellekt əsaslı, açıq kodlu layihələrin qarşılıqlı istifadəsinə imkan yaradır. Hansı ki, qlobal şirkətlər olan Google, Microsoft, Amazon, Meta da bu resurslardan bəhrələnir.
Qazaxlar böyük məlumat bazasına malik fiziki və hüquqi şəxslərin datasını bu platforma əsasında bir yerə toplamağı, nəhəng milli data ehtiyatı yaratmağı, bunun əsasında müstəqil bir Təbii Dil Modeli yaratmağı hədəfləyiblər.
Xatırladıram ki, bir müddət öncə Qazaxıstanda süni intellekt sahəsinin inkişafı üçün Presight AI Ltd və Birləşmiş Ərəb Əmirlikləri arasında superkompüter mərkəzinin və Data Mərkəzin qurulması ilə bağlı anlaşma da gerçəkləşib.
Xatırladıram ki, hazırda Azərbaycanda süni intellekt sahəsində RİNN-in AILab və İN-in 4SİM qurumları, ETN-in İS və İT İnstitutları, ADA və AzTU, A2Z və Robotronics və s. qurumlar məşğuldur.
Bəzi böyük özəl qurumlarda və mərkəzi icra qurumlarında süni intellekt həllərinin tətbiqinə başlanılıb.
Bu sahədə kadrların hazırlanması üçün də müəyyən layihələr həyata keçirilir.
Lakin süni intellektin tətbiqi və inkişafı istiqamətində biz hədsiz çox ləngiyirik. Real işlər ortada görünmür.
Uzun illərdir ki, hamı üçün əlçatan olan, ana dilimizdə milli korpusun yaradılmasını reallaşdıra bilmirik. Ana dilimizdə məlumat bazalarına sahib olanların, dövlət və özəl sektorun, ictimai sektorun belə bir resursun yaradılmasına töhfə verməsi üçün şərait yaradılmayıb.
Əsas data da hökumətin əlində cəmləşib ki, biznesin bura çıxış imkanları yetərli deyil.
Biznes və ekosistem üçün hamının bəhrələnə biləcəyi superkompüter mərkəzi də formalaşdırılmayıb.
On illər öncə hökumətin dəstəyi ilə Dilmanc layihəsi çərçivəsində bir neçə uğurlu həllər yaradılsa da layihə çərçivəsində formalaşan milli korpus hamı üçün əlçatan deyil. Bu resursun RİNN-ə təhvil verildiyi bildirilir.
Milli Dil Korpusunun yaradılması ilə AMEA-nın Dilçilik İnstitutu, ETN-in İS (keçmiş Kibernetika) və İnformasiya Texnologiyaları İnstitutunun birgə iş apardığı bildirilsə də hələlik ortada heç nə yoxdur.
Azərbaycanda iki qurum – RİNN və İN süni intellektin inkişafı ilə bağlı konseptual sənəd layihəsi hazırladıqlarını açıqlasalar da onunla bağlı da hələlik real olaraq ortada heç nə yoxdur.
Fikrimcə, sektorun inkişafı üçün səlahiyyətli qurum olan RİNN, İRİA bu məsələdə çox ləng hərəkət edir.
Bu sahəyə böyük resurslar ayrılmalıdır, RİNN bu sahənin inkişafına töhfə verə biləcək bütün maraqlı tərəfləri bir araya gətirməlidir.