BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində (SN) Niderlandın “Philips” şirkətinin Rusiya, Belorus, Qafqaz və Mərkəzi Asiyada Rəqəmsal Səhiyyə üzrə Baş meneceri Dmitri Lisoqorla görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycanda səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun modernləşdirilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Rəqəmsal texnologiyaların bütün dünyada səhiyyə sektorunun inkişafı üçün prioritet olduğunu qeyd edən nazir bunun gələcəkdə səhiyyənin ən mühüm element kimi yer alacağını vurğulayıb. T.Musayev səhiyyədə nanotexnologiyaların tətbiqi və mütərəqqi texnoloji avadanlıqların istifadəsini Səhiyyə Nazirliyinin əsas hədəflərindən biri olduğunu vurğulayıb. Nazirin sözlərinə görə, Niderland Avropa ölkələri arasında səhiyyənin rəqəmsallaşdırılması üzrə lider mövqe tutur”.
Daha sonra xəbərdə, “səmimi qəbula görə minnətdarlığını bildirən “Philips”in rəqəmsal səhiyyə üzrə regional rəhbəri təmsil etdiyi şirkətin səhiyyənin rəqəmsal transformasiyası və digər sahələrdə Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb” deyə qeyd edilir.
Görüş zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Həmçinin, “Philips” şirkətinin istehsal etdiyi yüksək texnoloji avadanlıqlarının Azərbaycan səhiyyəsində tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.